Fəsilə: Compositae - Mürəkkəbçiçəklilər print

Dünyanın bütün ölkələrində, xüsusən mülayim və subtropik iqlimli ölkələrdə yayılan 1250-1300 cinsə toplanan 20 – 25.000 növü vardır. Cins və növlərinin sayına görə örtülütoxumlu bitkilər içərisində birinci yerləri tutur.
Qazıntı halında yaxın geoloji dövrlərdən tapılması, növlərinin sayına görə çox zəngin olması fəsilənin təkamül etibarilə cavan olduğunu göstərir. Müasir geoloji dövrdə fəsilə daxilində növ əmələgəlmə prosesi daha fəal gedir. Müxtəlif ekoloji şəraitə daha tez uyğunlaşa bilmələri və külli miqdarda toxum əmələ gətirərək geniş yayılmaları növ əmələgəlmə prosesinin artmasına kömək edir.
Mürəkkəbçiçəklilər birillik, çoxillik ot, kol və ya yarımkol bitkilərdir. Yarpaqları sadədir, növbəli, bəzi növlərdə qarşılıqlı və ya dəstə şəklində yerləşir. Yarpağın ayası tamdır və ya bölümlüdür, yarpaqaltlığı olmur.
Fəsilə üçün ən səciyyəvi əlamət, çiçəklərinin səbət çiçək qrupunda yığılmasıdır. Səbət sadə və ali quruluşlu çiçək qrupudur, bəzi növlərdə səbətlər öz növbəsində qalxan və ya süpürgə çiçək qrupuna yığılır. Səbətdə çox vaxt ayrı-ayrı çiçəklər bioloji cəhətdən müxtəlif funksiyalar yerinə yetirməyə uyğunlaşmışdır. Burada bəzi çiçəklər toxum verir, bəziləri həşəratı cəlb etməyə uyğunlaşaraq bütün çiçək qrupu üçün ümumi tac rolunu oynayır.
Səbətdə çiçəklərin sayı növündən asılı olaraq müxtəlif olur. Çox iri səbətlərdə, məsələn, günəbaxanda çiçəklərin sayı minə qədər, əksərən isə nisbətən az olur. Səbətdə xırda çiçəklər düz, çökək və ya azca qabarıq olan enliləşmiş çiçək qrupu oxunun (ümumi çiçək yatağının) üzərində yerləşir. Ümumi çiçək yatağının üzəri növündən asılı olaraq çılpaq, tükcüklərlə və ya zərvari pulcuqlarla örtülü və yaxud bəzən torvari şəkildə düzülmüş çuxurlardan ibarət olur. Çiçək qrupu xaricdən, yuxarı yarpaqların dəyişməsindən əmələ gəlmiş sarğı (örtük) yarpaqları ilə əhatə olunur. Sarğı yarpaqlarının sayı, bir-birinə görə nə şəkildə yerləşdiyi, forması və rəngi bitkinin növündən asılı olaraq müxtəlif olur. Bəzən xırda çiçəklər yığılmış səbət, sarğı yarpaqları ilə əhatə olunaraq bir çiçəyə bənzər şəkil alır. Çiçəkləri aktinomorf və ya ziqomorfdur, əksərən iki və ya bircinsli olur. Bəzi çiçəklər erkəkcik və dişicik inkişaf etmədiyindən steril olur. Bunlarda kasa yarpaqları reduksiya etmiş və ya tükcük uçağan şəklini almışdır. Yumurtalığın yuxarısında, tacdan aşağı kasa yarpaqlarının dişcik və ya tükcük şəklində qalığını müşahidə etmək olar.

Azərbaycanda təsadüf olunan mürəkkəbçiçəklilərin nümayəndələrində 4 formada  taca təsadüf olunur:

1. Boruşəkilli

2. Dilcikşəkilli

3. Yalançı dilcikşəkilli

4. Qıfvari

Boruşəkilli tac müntəzəmdir, 5 ləçəyin bitişməsindən əmələ gəlir, yuxarısında zəngvari enliləşmişdir, 5 dişciklidir. Müxtəlif tac formalarının boruşəkilli tac formasının dəyişməsindən əmələ gəldiyi güman olunur. Boruşəkilli çiçəyə misal günəbaxan və gülümbaharın səbətində ortada yerləşən çiçəkləri göstərmək olar. Tac yumurtalığın yuxarısında bitişir və onun boru hissəsi sütuncuğun qaidəsində olan nektarlığı əhatə edir.
Dilcikşəkilli tac, sanki boruşəkilli tacın uzununa kəsilərək açılmasından əmələ gəlmişdir. Burada tacın aşağısında çox qısa boru görünür, yuxarısı isə enlidir və 5 dişciklə nəhayətlənir. Dilcik tac ziqomorfdur. Buna misal olaraq, acıqovuq – Taraxacum, kasnı – Cichorium və yemlik – Tragopogon növlərinin çiçəkləri göstərilə bilər.
Yalançı dilcik tacı günəbaxanın səbətində kənarda yerləşən çiçəklərdə müşahidə etmək olar. Yalançı dilcikşəkilli çiçəklər əksərən ancaq dişicik daşıyan çiçəklər olur və erkəkcikləri olmur. Bunlar səbətin kənarında yerləşir və belə səbətin orta hissəsində isə boruşəkilli çiçəklər yerləşir.
Qıfvari tac, boruşəkilli çiçəklərdən yuxarı hissəsində qıfabənzər enliləşməsi ilə fərqlənir. Tacı qıfvari olan çiçəklər səbətin kənarında yerləşir, dişicik və erkəkciyi olmur (Centaurea). Tac bitkinin növündən asılı olaraq sarı, ağ, abı və s. rəngdə olur.
Erkəkcikləri 5-dir, onların sapı sərbəstdir, tozluqları isə birləşərək (yanaşı yapışaraq) boru (tozluq borusu) əmələ gətirir. Həmin borunun içərisindən dişiciyin sütuncuğu keçir. Erkəkciklər tacın borusuna bitişir və onların tozluğu uzununa yarılaraq borunun içərisinə açılır. Tozluqların birləşməsi və erkəkciyin sapının sərbəst olması mürəkkəbçiçəklilər üçün səciyyəvi əlamətlərdəndir. Dişiciyi 2 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, yumurtalıq alt vəziyyətdə yerləşir, biryuvalı və 1 yumurtacıqlıdır. Sütuncuğu birdir, yuxarısında 2 bölümlüdür, nektarlıqları sütuncuğun qaidəsində yerləşir. Sütuncuğun bölümlərinin üzəri xarici tərəfdən süpürücü tüklərlə örtülüdür. Tozluqlar yetişənə qədər sütuncuq tozluqların əmələ gətirdiyi borunun içərisində olur. Bu vaxt sütuncuğun bölümləri təxminən tozluqların qaidəsi səviyyəsində durur, belə ki, tozcuqlar açılarkən tozluqlar sütuncuğun bölümləri üzərinə tökülür. Bunlar protandrik bitki olduqlarından bu zaman mayalanma getmir. Tozcuqlar yetişdikdən sonra sütuncuqlar uzanır və süpürücü tüklər onların üzərinə tökülən tozcuqları tozluq borusundan kənara çıxarır. Tozcuqlar həşərat vasitəsilə yayılır.
Mürəkkəbçiçəklilərin bəzi növləri (Artemisia) küləklə tozlanan bitkilərdir. Tozluq borusundan kənara çıxdıqdan sonra sütuncuğun bölümləri açılır və dişicik mayalanma üçün yetişmiş olur. Beləliklə, bunlarda eyni çiçəkdə erkəkcik yetişərək tozcuqlarını yaydıqdan sonra dişicik yetişir (protandriyavə ya proterandriya halı) və öz-özünü tozlandırma üçün imkan olmur. Səbətdə bir və ikicinsli çiçəklərin yerləşməsində xeyli müxtəlifliyə təsadüf olunur. Məsələn, acıqovuğun (Taraxacum) çiçəklərinin hamısı ikicinslidir, günəbaxanın səbətində ortada yerləşən çiçəklər ikicinsli, kənarda yerləşən yalançı dilcik çiçəklər isə ancaq dişicikdaşıyandır. Güləvərin səbətində ortadakı çiçəklər ikicinsli, kənardakı çiçəklər isə sterildir. Meyvələr toxumcadır, toxum meyvəyanlığı ilə bitişmir, endospermsizdir. Toxumun qabığı çox nazikdir, rüşeymi düzdür, iridir. Bir sıra mürəkkəbçiçəklilərdə tozlanmadan sonra sarğı yarpaqları əyilərək səbəti örtür və toxumcalar yetişdikdən sonra açılır. Mürəkkəbçiçəklilərin toxumcaları küləklə və ya heyvanlarla yayılmağa uyğunlaşmışdır. Küləklə yayılmaq üçün bəzi mürəkkəbçiçəklilərin (məsələn, yovşan növlərinin) toxumcaları çox xırda və yüngül olur. Əksəriyyət  küləklə yayılan mürəkkəbçiçəklilərin toxumcalarının yanında (məsələn, acıqovuqda və yemlikdə olduğu kimi) müxtəlif şəkildə düzülmüş tükcüklər (uçağan, kəkil) olur. Küləklə yayılan nadir növlərdə toxumcanın üzərində qanadabənzər əlavələr inkişaf edir. Heyvanlarla yayılmağa uyğunlaşmış növlərin bəzilərinin toxumcasının üzərində heyvanların tüklərinə ilişən kələ-kötür cod tükcüklər olur. Bir çox mürəkkəbçiçəklilərin (Xanthium) sarğı yarpaqları tikanlı olur və beləliklə, toxumcalar yetişəndə bütün səbət heyvanların tükünə ilişir və səbətdən toxumcalar tədricən yayılır.
Bu fəsilədən Azərbaycanda 125 cinsə yığılmış 584 növə yabanı və 10 cinsə aid 15 növə becərilən şəkildə təsadüf olunur. Fəsilənin nümayəndələrinə arandan başlamış yuxarı dağ qurşağına qədər müxtəlif ekoloji şəraitdə (çəmənlərdə, quru yamaclarda, yarımsəhralarda, alaq bitkisi kimi əkinlərdə, zibilli yerlərdə və s.) təsadüf olunur. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.