Cins: Veronica - Bulaqotu print

Dünyanın əksər ölkələrində, xüsusən Aralıq dənizi ətrafı ərazilərdə yayılan 200-dən çox növü var. Azərbaycanda bütün rayonlarda, arandan alp qurşağadək meşə və kolluqlarda, çəmənlərdə əkin və bağlarda yayılan 41 növü məlumdur. Birillik və ya çoxillik ot bitkiləridir. Yarpaqları qarşı-qarşıya yerləşir. Çiçəkləri salxım çiçək qruplarında toplanır və ya yarpaqların qoltuğunda tək-tək yerləşir. Tacı çarxvari, tez töküləndir, büküyü 4 bölümlüdür. Onlardan arxada yerləşən bölüm daha enlidir, qarşıda duran bölüm isə yandakılara nisbətən daha ensizdir. Erkəkcikləri 2 ədəddir, tacın borusuna bitişir. Tac növündən asılı olaraq göyümtül, ağımtıl, əksərən isə abı, solğun və ya tünd abı rəngli olur. Meyvəsi ikiyuvalı qutucuqdur. Növlərin təyinində yarpağın, çiçək qrupunun, xüsusən meyvənin əlamətləri əsas götürülür.