Cins: Verbascum - Keçiqulağı və ya sığırquyruğu print

Palearktik flora vilayətində, xüsusən, Aralıq dənizi ətrafı ölkələrində yayılan 350 növü var. Azərbaycanda cinsin 28 növü məlumdur. Onlar arasında nadir, lokal areala malik və eləcə də Azərbaycandan təsvir olunan növlər (V. stachydiforme, V. szovitsianum, V. erivanicum) var.

Cinsin növləri respublikanın əksər rayonlarında arandan subalp qurşağadək (2700 m) quru yamaclarda, çayların kənarlarında, əkin və bağlarda, meşə və kolluqlarda, subalp çəmənliklərdə yayılıb. İki və çoxillik otlardır, çox vaxt üzəri sıx, keçə kimi, ulduzabənzər, budaqlanan tükcüklərlə örtülü olur.Yarpaqları bütöv və ya lələkvari kəsilmiş, kasacığı 5 bölümlüdür. Tacı çarxşəkilli, sarı, bəzən bənövşəyi rənglidir. Erkəkcikləri 4-5, əksərən tükcüklü, dişicik 1 sütuncuqludur. Qutucuq meyvəsi ikiyuvalıdır, 2 qapaqla açılır. Növləri təyin edərkən onlar arasında təbii hibridləşmə hadisəsini nəzərə almaq lazımdır.