Cins: Scrophularia - Qaraşəngi print

Şimal yarımkürəsində, xüsusən, Aralıq dənizi ətrafı ölkələrdə və Qafqazda yayılan 300-dən çox növü var. Azərbaycanda 27 (30) növü məlumdur. Əksər rayonlarda, arandan alp qurşağadək meşə və kolluqlarda, dağ çəmənlərində, qaya töküntüləri arasında, çay vadilərində, bəzən əkinlərdə rast gəlinir. İki və ya çoxillik ot bitkiləridir. Yarpaqları qarşı-qarşıya düzülmüşdür. Kasacığı 5 bölümlü, tacı 2 dodaqlı, borucuq hissəsi şişkindir. Erkəkcikləri 4 ədəd olub, tacın qaidəsinə bitişir, 5-ci reduksiyaya uğramışdır (staminodi). Qutucuğu 2 yuvalı, çoxtoxumlu, qapaqlarla açılandır. Növlər bir-birindən yarpağın və çiçəyin əlamətləri, erkəkciklərin və xüsusən, staminodinin forması ilə fərqləndirilir.