Cins: Digitalis - Üskükotu print

Avroasiyada, xüsusən, Aralıq dənizi ölkələrində, həmçinin Qafqazda yayılan 30 növü məlumdur. Azərbaycanda əksər rayonlarda, aşağı və orta dağ qurşağı meşələrində 3 növü var. 

Üskükotu növləri çoxillik bitkilərdir. Kökyanı yarpaqlarının ayası aşağı hissəsində daralır, gövdənin yuxarı hissəsində yarpaqlar oturaqdır. Çiçəkləri gövdənin ucunda sünbülə bənzər sıx çiçəkli salxıma toplanmışdır. Kasacığı qısa zəngvaridir, 5 bölümlüdür. Tacı boruvari-zəngşəkillidir, 2 dodaqlıdır. Üst dodaq 2 bölümlüdür (2 ləçəyin birləşməsindən əmələ gəlmişdir), alt dodaq 3 bölümlüdür və onlardan ortadakı bölüm daha iridir. Erkəkciyi 4 ədəd, meyvəsi 2 yuvalı qutucuqdur. Üskükotu bitkisindən (xüsusən, D. ferruginea) ürək xəstəliklərinin müalicəsində istifadə olunan qiymətli dərman preparatı alınır.