Cins: Cynoglossum - Köpəkdiliotu print

Mülayim və subtropik iqlimli ölkələrdə, həmçinin Şimal qurşağın dağlıq ərazilərində yayılan 60-a qədər növü var. Azərbaycanda əksər rayonlarda arandan subalp qurşağadək meşə və kolluqlarda, daşlı-çınqıllı yerlərdə, suvarma kanalları və yol kənarlarında, əkinlərdə yayılan 5 növü var. Daha geniş yayılan C.creticum növüdür. İki və çoxillik otlardır. Yarpaqları növbəli düzülür, kasacıq 5 bölümlü, tacı qıfvaridir. Erkəkcikləri tacın içərisində yerləşir, sütuncuğu qısadır. Fındıqça meyvəsinin kənarı tükcüklərlə örtülüdür. Dərman, efir yağlı, qətranlı, balverən növləri var.