Cins: Anchusa - Sümürgən print

Əsasən, Aralıq dənizi ətrafı ölkələrində, qismən Avropa, Qərbi Asiya, Şimali və Cənubi Afrika, Qafqazda yayılan 40-dan çox növü var. Azərbaycanda demək olar ki, bütün rayonlarda arandan orta dağ qurşağınadək alaq kimi əkinlərdə, bağ və bostanlarda, kolluqlarda, yol kənarında yayılan 2 növü məlumdur. Kökü qalınlaşmış, üzəri cod tüklərlə örtülü, çoxillik bitkidir. Gövdəsinin hündürlüyü 30-80 sm olub, budaqlanır. Gövdə üzərindəki yarpaqlar formasına görə fərqlənir. Çiçəkləri seyrək çiçəkli qıvrım çiçək qrupunda toplanır, onlar da öz növbəsində süpürgə tipli çiçək qrupuna yığılmışdır. Kasacığın ucu sivri, xətvari, 5 bölümlüdür. Meyvə yetişəndə kasacıq iriləşir və meyvəni əhatə edir. Tacı göyümtül abı rənglidir. Tacın boğaz hissəsində üzəri tükcüklərlə örtülü qısa pulcuqlar yerləşmişdir. Meyvəsi 4 fındıqçaya bölünür. Fındıqçası üçkünc, üzəri qırışıq, mixəyi rəngdədir. Sümürgən bal şirəli (nektarlı) bitkidir, köklərindən qırmızı boya alınır.