Cins: Beta - Çuğundur print

Avropa, Ön Asiya və Aralıq dənizi ölkələrində yayılan 12 növü var. Azərbaycanda yabanı halda 3 və becərilən 1 növü var. Yabanı növlərə respublikanın Kür-Araz ovalığında, eləcə də Qafqaz və Talışda aşağı və orta dağ qurşaqlarında daşlı, quraq yerlərdə rast gəlinir. 2 növü Azərbaycandan təsvir olunub. Çuğundur ikiillik bitkidir. Əkildiyi il qalınlaşmış yumru yeraltı hissəsi və kökyanı yarpaqları, ikinci il isə budaqlanan gövdəsi və onun ucunda çiçək qrupu inkişaf edir. Yarpaqları uzun saplaqlıdır. Çuğundurun yumaqcığında çiçəklərin sayı 1-dən 8-ə qədər olur və çiçəklər qaidə hissəsində bir-birilə bitişir. Çiçəkyanlığı yarpaqları və erkəkcikləri 5-dir, yumurtalığı yarımalt vəziyyətdədir. Meyvələri fındıqcadır.

Azərbaycanda yeyilən və yem çuğunduru, demək olar ki, bütün rayonlarda becərilir. Hazırda respublikada şəkər çuğundurunun sənaye miqyasında istifadəsi üçün işlər aparılır. O, həmçinin mal-qara üçün yaxşı yem və dekorativ bitkidir.