Cins: Polygonum - Qırxbuğum və ya yolotu print

Dünyanın əksər ölkələrində 200 növü yayılmışdır. Azərbaycanda 15 növü var. Onlara respublikanın əksər rayonlarında arandan alp qurşağadək, ən çox isə aşağı və orta dağ qurşağında müxtəlif ekoloji şəraitdə rast gəlinir. Daşlı yamaclarda, yol kənarında, alaq bitkiləri arasında, bağ və parklarda, az şoran torpaqlarda, rütubətli çəmənliklərdə, bəzən adventiv şəkildə yayılmışlar. Xəzər qırxbuğumu Abşerondan təsvir olunub. Bir və çoxillik, budaqlanan, ot, az hallarda yarımkol bitkilərdir. Yarpaqları xırdadır, nəzəri cəlb etməyən çiçəklərə malikdir. Bir çox növləri qida, boyaq, aşılayıcı, dekorativ və dərman əhəmiyyətlidir. Dərman məqsədilə bitkinin yerüstü hissələrindən sidikqovucu kimi (su qırxbuğumu, qırmızıbaş qırxbuğum), hemorroya qarşı (yunlu qırxbuğum, alp qırxbuğum) istifadə olunur. Çiçək açan dövrdə bitkinin yerüstü hissələrini toplayır və açıq havada qurudurlar. Bitkinin tərkibində kvarsetin törəməli üç flavon qlikozidi (kversetin, hiperozid və avikularin) və 3%-ə qədər aşı maddəsi müəyyən edilmişdir. Həmin maddələr bitki çiçək açan dövrdə onun tərkibində daha çox miqdarda toplanır. Qırxbuğum otundan alınan “avikularen” preparatı mamalıq praktikasında qankəsici dərman kimi tətbiq edilir. Bundan başqa, qırxbuğum otunu çay kimi dəmləyib, böyrək xəstəliklərində, xüsusən sidik yollarında yaranan daşı müalicə etmək üçün içirlər (Dəmirov, 1990).