Cins: Brassica - Kələm print

Avroasiya, Afrika, xüsusən Aralıq dənizi ölkələrində və Qafqazda yayılan 33 növü vardır. Fəsilə daxilində səciyyəvi cins olduğundan yeni nomenklaturada fəsilə bu cinsə uyğun adlandırılmışdır. Bu cinsdən Azərbaycanda yabanı bitki örtüyündə 6 və becərilən şəkildə 2 növə təsadüf olunur. Bunlar bir və ya ikiillik bitkilərdir. Ləçəkləri sarıdır. Meyvələri xətvari, silindrşəkilli, yuxarısında daralan buynuz meyvədir. Cinsin ən əhəmiyyətli növü bostan kələmidir (Brassica oleracea). Bostan kələmi növünün müxtəlif variasiyaları olan baş kələm, yarpaq kələm, gül kələm, kolrabi və s. becərilir. Azərbaycanda baş kələmin müxtəlif çeşidləri daha geniş becərilir. Baş kələm ikiillik bitkidir. Birinci ildə onun kökü, qısalmış gövdəsi və onun üzərində sıx yerləşən iri, bir qədər ətləşmiş yarpaqları əmələ gəlir. İkinci ildə isə gövdə uzanır və onun ucunda çiçək qrupu və buynuz tipli meyvələri inkişaf edir.

Kələm cinsindən olan becərilən bitkilərdən şalğam (Brassica napus) və sarept xardalı (Brassica yuncea) qeyd oluna bilər. Şalğam Azərbaycanda bəzi dağlıq rayonlarda becərilir. Şalğamın ətləşmiş kökü yeyilir və yem çeşidləri də vardır. Sarept xardalı birillik bitkidir, toxumlarında 35-47 % xardal yağı vardır. Xardalın yağı yeyilir və qənnadı sənayesində işlədilir. Toxumlarından yağ alınandan sonra qalan cecəsi döyülür və xardal tozu hazırlanır. B. rapa qida və yem bitkisi kimi becərilir. Yabanı növlərdən B. yuncea və B. nigra Azərbaycanda digər növlərə nisbətən az rast gəlinir. İkinci növ respublikada adventiv bitki sayılır. Digər yabanı növlərə əksər rayonlarda alaq bitkisi kimi bostanlarda, tarla və əkinlərdə, yol kənarlarında, bəzən daşlı-qayalı yamaclarda rast gəlinir. Cinsin növləri bir-birindən yarpağın, çiçəyin və xüsusən meyvəsinin əlamətləri ilə fərqləndirilir.