Cins: Conringia - Konrinqa print

Avroasiya, Aralıq dənizi ölkələri və Qafqazda yayılan 6 növündən Azərbaycanda 5 növü vardır. Onların çoxu nadir növlərdir və onların yayılmasının dəqiqləşdirilməsinə ehtiyac vardır. Konrinqa növlərinin Azərbaycanda yayılma mərkəzi Talışın meşəsiz Zuvand (Diabar) adlanan ərazisi hesab edilə bilər. Çünki, respublikada məlum olan 5 növdən 2-si Diabardan təsvir olunub (sancaqlı konrinqa, yastımeyvə konrinqa), həmçinin bütün növlərin Diabarda yayılması müşahidə olunur. Ümumilikdə isə, cinsin növləri arandan yuxarı dağ qurşağınadək əksər rayonlarda (xüsusən, Diabar və Naxçıvanda) qumsal sahil torpaqlarında, quraq daşlı yamaclarda, əkinlərdə, bostan və alaq bitkiləri arasında rast gəlinir. Ləçəkləri solğun sarı rənglidir. Meyvəsi buynuz tipli, toxumları yuvalarda 1 cərgə ilə düzülmüşdür. Birillik, çılpaq, çox vaxt göyümtrək bitkilərdir. Cavan zoğları və toxumundan alınan yağ yeyilir.