Cins: Cerasus - Albalı print

Şimal Yarımkürəsini əhatə edən ölkələrdə yayılan 127 növü məlumdur. Onlardan Azərbaycanda yabanı halda 7, kulturada 2 növü yayılıb. Albalının yabanı növləri Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, quraq daşlı-gilli yamaclarda yayılıb. Adı albalı və turş albalı növləri əksər rayonlarda qiymətli meyvə bitkiləri kimi becərilir. Yarpaqları növbəli yerləşir, qaidəsində ensiz yarpaq altlıqları olur. Çiçəkləri qısa budaqların ucunda, çiçək qruplarında yerləşir. Qısa budaqlar uzanmış boy budaqalarının üzərində əmələ gəlir.

Albalının çiçəkləri çətirə bənzər çiçək qrupuna yığılır, uzun saplaqlıdır. Kasa yarpaqları 5-dir, ləçəkləri ağrənglidir, 5 ədəddir. Albalının erkəkcikləri, adətən, 3 dairə üzrə, hər dairədə 10 erkəkcik olmaqla yerləşir. Beləliklə, çiçəkdə erkəkciklərin sayı, adətən 30, müstəsna hallarda isə 40-50-yə qədər olur. Dişiciyi birdir, onun sütuncuğu, yumru şəkildə olan ağızcığı hipantidən yuxarı qaldırır. Yumurtalıq biryuvalıdır, yumurtacıqların sayı isə ikidir. Tozlanmadan sonra yumurtacıqlardan biri normal inkişaf edir və birtoxumlu çəyirdəkli meyvə əmələ gətirir. Yabanı növləri meşəsalma və quraq rayonların yaşıllaşdırılması üçün faydalıdır. Albalının adi albalı (gilənar) və gilas növləri qiymətli meyvə bitkiləridir. Azərbaycanda onların bir çox sortları geniş becərilir. Bir neçə növün isə (C.tomentosa, C.besseyi) Azərbaycanda Nəbatat Bağında introduksiya olunması qeyd olunur.