Cins: Amygdalus - Badam print

Aralıq dənizi sahili ölkələrində, Mərkəzi Asiyada, Şimali Amerikada və Qafqazda 40 növü yayılıb. Badam kulturada dünyanın əksər quru subtropik iqlimli ölkələrində becərilir. Orta və Qərbi Asiya ölkələrində badamın 400 il bizim eramızdan əvvəl becərildiyi göstərilir. Nair badam Zəngəzur dağlarından təsvir olunub, Naxçıvanın dağlıq ərazilərindən, daşlı, gilli və əhəng daşlı yamaclardan məlumdur. Dağ badamı daha geniş areala malikdir, Azərbaycanda Alazan-Əyriçay vadisində, Kür-Araz düzənliyində, Qafqaz regionunda, Naxçıvan və Talışda yayılıb. Bu ərazilərdə quraq yamaclarda, kolluqlarda yayılıb, Naxçıvanda bəzən cəngəllik əmələ gətirir. Adi badam növü isə Azərbaycanda quraqsubtopik iqlimli aran rayonlarda, xüsusən Abşerondageniş becərilir. Bir neçə badam növünün (A.nana, A.triloba) Azərbaycanda (Bakı Nəbatət bağı, Mərdəkan dendroloji bağı) introduksiya edilməsi qeyd olunur.

Yabanı badam növləri tikanlı kol bitkiləridir. Becərilən adi badam alçaqboylu, tikansız ağacdır. Badam növlərində kasacıq yarpaqları və ləçəklər 5-dir. Erkəkciklər çoxdur, çiçək yatağı boru və ya zəngvaridir, açıqdır. Dişicik bir meyvə yarpağından təşkil olunur, yumurtalıq biryuvalıdır. Çəyirdəkli meyvəsinin yanlığı qurudur, dərivarıdır, üzəri keçə kimi tüklüdür. Çəyirdəyinin üzəri, adətən, şırımlıdır və ya deşik-deşikdir. Yabanı badamların toxumu acıdır.