Cins: Rosa - İtburnu print

Dünyanın mülayim və subtropik iqlim qurşaqlarında, xüsusən Şimal Yarımkürəsində və Şimali Afrikanın cənbunda, Hindistanda, Meksikada geniş yayılıb. Yabanı halda 200-dən artıq növü var. Lakin bu cinsdən mədəni halda becərilən qızılgül kimi tanınan bitkinin dünyada minlərlə sort və bağ formaları, hibridləri vardır. Bu bitki çox qədimdən becərilir. Hazırda Azərbaycan florasında yabanı halda 45 növün yayılması qeyd oluna bilər.

Belə ki, respublikada geniş yayılan R.canina, R.corymbifera, R.tomentosaR.pimpinellifolia növləri ilə yanaşı 1-2 botaniki-coğrafi rayondan məlum olan (R.teberdensis, R. alexeenkoi, R.orientalis, R.karjaginii, R.boisseri) növlər də məlumdur. İtburnu növlərinə Azərbaycanda müxtəlif bitmə şəraitlərində təsadüf olunur. Bunlara aran yerlərdən başlamış, subalp qurşağına kimi meşələrin kənarında, kolluqlarda, çayların ətrafında, qayalıq sahələrdə təsadüf olunur.

İtburnu növləri kol və bəzi becərilənləri isə (Rosa multiflora) dırmanan bitkilərdir. Gövdə və budaqlarının üzərində qopar tikanlar olur. Yarpaqları 5-7 yarpaqcıqdan təşkil olunmuş tək lələkvaridir. Yarpağın saplağının aşağısında, adətən, saplağa bitişmiş yarpaq altlıqları vardır.Çiçəkləri az çiçəkli qalxan və ya süpürgəyə bənzər çiçək qrupuna yığılır və ya tək-tək yerləşir. Ləçək və kasayarpaqlarının sayı 5-dir. Kasa yarpaqları və ləçəkləri çiçək yatağının kənarına bitişir. Bir sıra növlərdə kasa yarpaqlarının ucu yuxarıya, aşağıya və ya yana doğru əyilir. Ləçəkləri növündən asılı olaraq ağ, çəhrayı, sarı, tünd-sarı olur. Erkəkcikləri çoxdur, onlar, hipantinin kənarına və qismən kənarından aşağı, içəri tərəfə bitişirlər. Hipantinin içərisində erkəkciklərdən aşağı və hipantinin dibində dişiciklər yerləşir. Dişiciklərin də sayı çoxdur, yumurtalıqçiçək yatağında sərbəst yerləşir. Sütuncuqları uzundur, hipantidən kənara qədər uzanır və beləliklə, ağızcıqları kənarda olur. Meyvəsi fındıqca meyvədir. Meyvəciklər yetişəndə çiçək yatağının divarı lətləşir və meyvəcikləri əhatə edir. Növündən asılı olaraq lətləşmiş çiçək yatağı müxtəlif (qırmızı, tünd-sarı, narıncı) rəngli olur.

Qızıl gül adlanan bir sıra itburnu növlərində çiçəklər sədbər olur. Bunlarda ləçəklərin sayı erkəkciklərin sapının enliləşməsi və ləçək şəklini alması hesabına artır.

İtburnu növlərinin ləçəklərindən gülab çəkilir və mürəbbə hazırlanır, meyvələrinin tərkibində isə “C” və başqa vitaminlər olduğundan bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Qızıl gül növləri Azərbaycanda ən geniş becərilən bəzək bitkilərindən biridir. Onların ləçəklərindən ətriyyat sənayesində işlədilən çox qiymətli qızılgül yağı alınır.