Cins: Potentilla - Qaytarma və ya pəncəli print

Şimal yarımkürəsinin mülayim və arktik zonalarında, Cənubda bəzən dağlıq ərazilərdə yayılan 300-dən çox növündən Azərbaycanda 30 növü yayılıb.

Qaytarma növləri çoxillik, ikiillik və ya birillik otlardır. Azərbaycanda qaytarmanın növləri əkinlərdə, dincə qoyulmuş sahələrdə, çəmənlərdə meşələrdə , kolluqlarda, quru yamaclarda aran və dağ rayonlarında təsadüf olunur.

Respublikada geniş areala malik növlərdə (düzqalxan qaytarma, krans qaytarma və b.) yanaşı az rast gələn nadir növlər (cirəyəoxşar qaytarma, ördək qaytarması və b.) də vardır. Qaytarma növləri yarpaq altlıqlarının olması, yarpaq ayasının 3-5 ayaqcıqlı, barmaqvari və lələkvari olması, çiçəklərin xırda, ikicinsli, yarpaqların qoltuğunda tək-tək və ya süpürgə, çətir tipli çiçək qruplarına yığılması, kasayarpaqları və ləçəklərin 5 (bəzən 4) olması, erkəkciklərin 10 və çox sayda olması, meyvəsinin quru fındıqca meyvə şəklində olması ilə səciyyələnir. Qaytarma növləri içərisində dekorativ, dərman əhəmiyyətli, aşılayıcı və boya bitkiləri çoxdur.