Cins: Glycyrrhiza - Biyan print

Avroasiya, Şimali və Cənubi Amerika və Avstraliyada yayılan 20 növündən Azərbaycanda 4 növü var. Onlar respublikanın əksər rayonlarında aran, dağətəyi və aşağı dağ qurşağında çay kənarlarında, suvarılan ərazilərdə, çəmənliklərdə qruplarla və çox vaxt sıx cəngəlliklər əmələ gətirir (G. glabra). Yarpaqları təklələkvari, kəpənəkşəkilli çiçəkləri salxım və ya başcıqlara yığılan, paxlası təsbehşəkilli, açılmayan çoxillik otlardır. Növləri bir-birindən çiçək qrupu, yarpağı və paxlasının əlamətləri ilə fərqlənir (xüsusən onların çılpaq və ya tükcük, tikancıqlara örtülü olması ilə). Mürəkkəb biokimyəvi tərkibə malik dərman, yem və boya bitkiləridir.

Müxtəlif məqsədlərlə əkilir. Son illərdə immun çatışmazlığı kimi çətin müalicə olunan xəstəliyin müalicəsində yaxşı nəticələr verir. Əsasən kökündən istifadə olunur.