Cins: Cercis - Ərgərən + print

Şimali Amerikada, Cənubi Avropada və Şərqi Asiyada yayılan 6 növündən Azərbaycanda 3 yaşıllıqlarda dekorativ bitki kimi park və bağlarda geniş istifadə olunur, bəzi yerlərdə (Kür-Araz ovalığı və b. yerlərdə ) bir növü (C.siliquiastum) yabanılaşır. Yarpaqları növbəli yerləşir, sadədir, yarapağın ayası girdədir, qaidəsi ürəkvaridir, çılpaqdır, tam kənarlıdır, yazda, yarpaqlanmadan əvvəl çiçəkləyir. Çiçəklərin bir neçəsi birgə, dəstə şəklində budaqların və gövdənin üzərində əmələ gəlir (kaulifloriya hadisəsi). Kaulifloriya hadisəsinə rütubətli tropik və subtropik meşələrdə yayılan ağaclarda təsadüf olunur. Belə meşələrdə ağacların çətirləri sıx şəkildə bir-birinə qarışdığından, çətir mərtəbəsində həşəratın uçması və çiçəkləri tozlandırması çətinləşir. Çiçəklər gövdənin üzərində əmələ gələndə həşəratla asan tozlanır. Kasacığı və tacı açıq çəhrayı və ya qırmızımtıl çəhrayı rənglidir. Kasa yarpaqları bitişikdir. Tacı kəpənəkvarıdır, 5 ədəd müxtəlif böyüklükdə ləçəkdən təşkil olunmuşdur. Ərgəvənin qönçəsində ləçəklər bir-birini aşağıdan yuxarıya doğru örtürlər. Erkəkciklər 10-dur, sərbəstdir. Paxlaları payızda yetişir və uzun müddət ağacın üzərində qalır.

Növləri bir-birindən yarpaq ayalaırının forması, çiçəyin rəng çalarları, dəstələrdəki sayı ilə fərqlənirlər. Dekorativ, balverən, oduncağı qiymətli, aşı maddəli bitkidir.