Cins: Albizia - Güləbrişin print

Talışda, İranda, Cənubi-Şərqi Asiyada, Afrikada və Avstraliyada yayılan 50-yəqədər növü var. Azərbaycanda 1 növü - Lənkəran akasiyası adlanan növü Talış dağlarının şərq yamaclarında dəniz səviyyəsindən 300-400 m hündürlüyə qədər yerlərdə təsadüf olunur. Üçüncü dövr florasından qalmış və Azərbaycanın relikt bitkisidir. Enli çətirli ağacdır. Yarpaqları ikiqat cüt lələkvaridir. Çiçəkləri başcıq tipli çiçək qrupuna yığılmışdır. Çiçəkləri xırdadır. Kasacığı zəngvarıdır, yuxarısında 4 və ya 5 dişlidir. Tacı yarısına kimi bitişmiş ləçəklərdən təşkil olunmuşdur, qıfa bənzərdir, sarırənglidir. Erkəkcikləri çoxdur, sərbəstdir. Erkəkciklərin sapı uzundur, çəhrayı rənglidir. Dişiciyi birdir, yumurtalığı üstdür, xətvaridir, iki qapaqla açılır. Dekorativ bitki kimi Azərbaycanın aran və dağətəyi rayonlarında park və bağlarda becərilir. Həmçinin balverən, boya, aşılayıcı xassələrə malikdir. Qabığından alınan maye mədə-bağırsaq, çiçəyindən alınan cövhər isə öskürəyə qarşı işlədilir.