Cins: Lathyrus - Gülülcə print

Əsasən, Şimal və Cənub yarımkürələrində tropiklərdən kənar ərazilərdə və xüsusən Aralıq dənizi ölkələrində yayılan 170 növündən Azərbaycanda 24 növə rast gəlinir. Bu növlərdən biri (ətirli gülülcə) kulturadadır. Gülülçə növləri respublikanın bütün rayonlarında, arandan subalp və əbəzən alp qurşağınadək, əkinlərdə və dincə qoyulmuş torpaqlarla, meşə və kolluqlarda, çay sahillərində, çəmənlərdə yayılıb. Onlar arasında adi bitki kimi geniş yayılan (yarpaqsız gülülcə, qırmızı gülülcə, kiçik gülülcə, çəmən gülülcəsi, mavi gülülcə) və lokal yayılma sahəsinə malik nadir növlər də (kobudyarpaq gülülcə, nazikyarpaq gülülcə, görkəmsiz gülülcə, qızılı gülülcə) vardır. Bir və ya çoxillik ot bitkilərdir. Yarpaqcıqları bir və ya bir neçə yarpaqcıqlardan ibarətdir, bığcıqlarla qurtarır, yarpaqaltlıqları var. Paxlası ensiz-uzunsov, çoxtoxumlu, 2 taylı açılandır. Gülülcə növləri bir-birindən tacın rəngi və forması, yarpaq və yarpaqcıqların əlamətləri, paxlanın çılpaq yaxud tükcüklərlə örtülü olması kimi əlamətləri ilə fərqləndirilir. Bir çox gülüçə növləri yaxşı yem bitkiləridirlər, bəzi növlər dekorativ bitkilər kimi geniş istifadə olunur, ətirlidir (L.odoratus). Balverən və dərman əhəmiyyətli növləri də vardır.