Cins: Oxytropis - İtiqayıq print

Şimal Yarımkürəsinin mülayim və arktik zonalarında yayılan 360 növündən Azərbaycanda 8 növü var. Onlar əksər rayonlarda (daha çox Böyük Qafqaz və Naxçıvan regionlarında), yuxarı və alp qurşağında (az hallarda aşağı və orta qurşaqda), alp çəmənləri tərkibində, daşlı-qayalı yerlərdə, bəzən gili yaxud əhəngli süxurların üzərində yayılıb. Bir növü (Lupin itiqayığı) Naxçıvandan təsvir olunub. Morfoloji baxımdan yarımfəsilə daxilində yaxın cins olan gəvəndən və başqalarından əsasən kəpənəkşəkilli çiçəyində qayığın iti uclu olması ilə fərqlənir (cinsin adı da buradan götürülür). Çoxillik, bəzən gövdəsiz, ləçəkləri müxtəlif rəngli bitkilərdir. Yem,dekorativ bitkilərdir, bəzi növləri zəhərlidir.