Cins: Medicago - Qarayonca print

Avroasiya və Afrikanın mötədil isti və subtropik vilayətlərində və Aralıq dənizi ölkələrində yayılan 60 növü var. Azərbaycanda bütün rayonlarda, arandan orta dağ qurşağınadək, müxtəlif bitmə şəraitində, xüsusən quraq yerlərdə, otlu yamaclarda, daşlı, çınqıllı-gilli torpaqlarda, bağ və əkinlərdə, alaq bitkiləri arasında, meşənin tala yerlərində, çəmənlərdə 20 növü yayılıb. Onlardan biri (əkin qarayoncası) suvarılan torpaqlarında geniş becərilir. Birillik və ya çoxillik ot bitkilərdir, yarpaqları üçər və ya yarpaqaltlıqlıdır. Növlərin təyinində əsasən meyvəsinin (paxlasının) əlamətləri əsas götürülür. Paxlası az toxumlu, oraq yaxud böyrəkşəkilli, spiralvari burulan, adətən tikancıqlıdır. Kasacıq 5 dişcikli, ləçəkləri sarı, mavi, bənövşəyi və b. rəngdə olur. Növlər arasında təbii hibridləşmə getdiyindən əlamətlərində müxtəliflik çoxdur. Qiymətli yem bitkiləridir. Mavi qarayonca qandayandırıcı xassəyə malikdir.