Cins: Iris - Süsən print

Fəsilədə ən iri cinsdir. Yayılma mərkəzi Aralıq dənizi, Cənub-Qərbi və Orta Asiya ölkələri olan bu cinsin 250-dən çox növü var. Azərbaycanda 22 növü yayılmışdır. Ekoloji baxımdan aran və dağətəyi rayonlarının quru yamacları, daşlı-çınqıllı bitmə şəraiti süsən növləri üçün daha əlverişlidir. Kür-Araz ovalığı, Bozqır yayla, Alazan-Əyriçay, Naxçıvan və  Zuvandda geniş yayılmışdır.

Çoxillik bitkilərdir. Yarpaqları gövdəsinin qaidəsində yerləşir, qılıncşəkillidir. Mart-may aylarında çiçəkləyir, çiçəkləri gövdənin ucunda tək-tək və ya bir neçəsi birlikdə yerləşir, iridir, müntəzəm və ya qeyri-müntəzəm, üçər olmaqla 2 dairədə yerləşən 6 ədəd ləçəkdən ibarətdir. Xarici və daxili dairədə yerləşən çiçəkyanlığı yarpaqları böyüklüyü və forması etibarilə fərqlənir. Ləçəklər ağ, bənövşəyi, sarı olur. Erkəkcikləri 3 ədəddir, daxili dairədəkilər isə reduksiyaya uğrayıb. Dişiciyin sütuncuğu ləçəyəbənzər 3 hissəyə bölünür, yuxarısında dilimli, yumurtalığı 3 yuvalıdır. Entomofil bitkilərdir.