Cins: Gladiolus - Qladiolus və ya qarğasoğanı print

Cənubi və Şimali Afrikada, eləcə də Avropa və Asiyada 250-dən çox növü yayılmışdır. Azərbaycanda 6 növü vardır. Əksər rayonlarda subalp qurşağadək dağ yamaclarında, çəmənliklərdə, əkinlərdə rast gəlinir. Soğanaqlı çoxillik bitkilərdir. Yarpaqları qılıncşəkillidir. Çiçək qrupları bir və ya ikitərəfli sünbülşəkillidir. Çiçəkləri ziqomorfdur. Çiçək yanlıqlarının yuxarı enliləşmiş hissəsi 6 bölümlü olub, bölümləri qeyri-bərabərdir, ağ, sarı, qırmızı, narıncı, bənövşəyi və s. rəngdə olurlar. Becərilən və hibrid formalarda rəng çalarları daha çoxdur. Erkəkciyi 3 ədəd, dişiciyin yumurtalığı 3 yuvalıdır. Dekorativ bitki kimi bağçılıqda geniş istifadə olunur.