Cins: Gagea - Qazsoğanı print

Cinsin adı alim F.Qaqenin şərəfinə verilmişdir. Avroasiya və Şimali Afrikanın mülayim iqlimli ölkələrində yayılmış 70-ə yaxın növü vardır. Arandan alp qurşağına qədər əksər rayonlarımızda, dağ yamaclarında, şoran, əhəngli, qumsal torpaqlı yerlərdə yayılmış 20 növü vardır. Onlar arasında Cənubi Qafqaz və Qafqaz endemləri də vardır.

Erkən yazda çiçəkləyən efemeroidlər olub, soğanaqlı bitkilərdir. Onların ulduzu xatırladan sarı rəngli çiçəkləri var. Dağ çəmənlərində, çınqıllı yamaclarda, qaya çatlarında bitir. Fəsilə daxilində ən alçaq boylu, xırda bitkilərdir (10-15 sm, bəzən 25 sm-ə qədər). Kök boyuncuğunda, adətən, 1-2 ədəd xətvari yarpaqları olur. Çiçəkləri, adətən, salxım tipli çiçək qrupuna toplanır və ya gövdənin ucunda olur. Ləçəkləri xaricdən yaşıl, içəridən isə sarı rənglidir, üçər olmaqla 2 cərgədə yerləşir. Erkəkciklər üçər olub, 2 cərgədədirlər.