Cins: Tulipa - Tülpan və ya dağ laləsi print

Avroasiya və Şimali Afrikada, yayı isti, yazı və payızı yağmurlu keçən ölkələrdə, səhra, yarımsəhra və bütün dağ qurşaqlarında yayılan 100- dən çox növü vardır. Əsas növəmələgəlmə mərkəzlərindən birinin Orta Asiya olduğu qeyd olunur (75 növ). Dünyada bəzəkli bitki kimi çoxdan əkilib becərilir. Sankt-Peterburq botaniki Reqel dağ laləsinin 2900 sənaye əhəmiyyətli çeşidini əldə etmişdir. Azərbaycanın yabanı bitki örtüyündə dağ laləsinin 10 növü yayılmışdır. Bunlardan 6-sı Azərbaycan Respublikasının "Qırmızı kitabın"a daxil edilib. Onlara arandan yuxarı dağ qurşağınadək quru yamaclarda, kolluqlarda, əkinlərdə təsadüf olunur.

Soğanaqlı çoxillik bitkidir. Yarpaqları bir neçə ədəd olmaqla uzunsovdur. Çiçəkləri gövdənin ucunda yerləşir, ləçəkləri sərbəstdir, qırmızı, sarı, tünd və ya al qırmızıdır. Bəzən ləçəklərin qaidəsində qara ləkə olur. Tozluqları erkəkciyin sapına aşağı hissəsindən bitişir. Dişiciyin ağızcığı oturaqdır, 3 bölümlüdür. Meyvəsi üçkünc qutucuqdur.