Cins: Clinopodium - İyəvər print

Avrasiya, Şimali Amerika və Qafqazda yayılan 8-10 növü var. Azərbaycanın əksər rayonlarında yayılan 2 növü məlumdur. Onlardan biri – adi iyəvər bütün rayonlarda arandan alp qurşağadək meşə və kolluqlarda, çəmənlərdə, həmçinin bağlarda adi bitki hesab edilir. İkinci növ nisbətən lokal yayılıb, Böyük və Kiçik Qafqaz, həmçinin Talış dağlarından, aşağı və orta dağ qurşağının, meşə və kolluqlarından məlumdur. Çoxillik ot bitkiləridir. Yarpaqları oval formalıdır. Çiçəkləri gövdənin ucunda dəstələrə yığılır. Kasacığı boruşəkilli, tacı purpur, qırmızı yaxud ağ rənglidir. Xaricdəki erkəkcikləri daxildəkilərdən uzundur. Növləri yarpağın və çiçəkaltlığının əlamətləri ilə fərqləndirilir. Efir yağlı, ədviyyat və boya boyaq bitkisidir.