Cins: Teucrium - Məryəmnoxudu print

Dünyanın mülayim və subtropik iqlimli vilayətlərində, xüsusən Aralıq dənizi ətrafı ölkələrində yayılan 100 növü məlumdur. Azərbaycanda əksər rayonlarda, arandan alp qurşağadək, xüsusən aşağı və orta dağ qurşağında, quraq-daşlı yamaclarda, qaya çatlarında, meşə və kolluqlarda, bağ və bostanlarda, yarımsəhra, kserofil kolluqların və step çəmən fitosenozları tərkibində geniş yayılan 8-9 növü var. Onlardan şərq məryəmnoxudu, adi məryəmnoxudu və ağ məryəmnoxudu növləri daha geniş yayılıb. Cins daxilində T.chamaedrys ən polimorf növdür. Çoxillik otlar və ya yarımkolcuqşəkilli bitkilərdir. Kasacığı boru yaxud zəngşəkilli, tacı 5 bölümlü, adətən ağ, mavi, purpur rənglidir. Erkəkciyi 4 ədəd olmaqla, tacın borusundan uzundur. Fındıqca meyvəsinin üzəri torvari yaxud qırışıqlıdır. Dərman, efir yağlı, texniki, balverən, dekorativ bitkilərdir.