Cins: Nepeta - Pişiknanəsi print

Əsasən, quraq bitmə şəraitində Avrasiya, Şimali Afrika və xüsusən, Aralıq dənizi ətrafı ölkələrdə yayılan 250 növü məlumdur. Fəsilənin polimorf cinslərindəndir. Müasir Azərbaycan florasında 23 növün rast gəlinməsi göstərilir. Qeyd edək ki, onlardan bir neçəsi yarımnövlər də hesab edilə bilər. Pişiknanəsi cinsindən bir çox növlər Azərbaycandan (xüsusən, Naxçıvandan, Talışdan, Şuşadan, Xınalıqdan, Tufandağdan, Oğuzdan, Altıağacdan, Bozdağdan) təsvir olunmuşdur və onlardan bir neçəsi indi də respublikamız üçün endem hesab edilir. Cinsin növləri Azərbaycanın əksər rayonlarında arandan alp qurşağadək, daşlı-çınqıllı yerlərdə, qaya çatlarında və töküntüləri arasında meşə və kolluqlarda, dağ çəmənlərində, bağ və bostanlarda yayılmışdır.

Bir və ya çoxillik ot bitkiləridir. Çiçəkləri dəstələrlə yerləşərək salxım və süpürgə tipli çiçək qrupu əmələ gətirir. Kasacıq 5 dişcikli, ləçəkləri ağımtıl-sarı, bənövşəyi rəngdədir. Tacı boruşəkilli olub, 2 dodaqlı, üst dodaq 2, alt dodaq 3 bölümlüdür. Erkəkcikləri yuxarı dodaqdan uzun, öndə yerləşənlər isə arxadakılardan qısadır. Fındıqca meyvəsi hamar yaxud qırışıqlıdır. Növləri, əsasən, tacın və kasacığın əlamətləri ilə fərqləndirilir. Pişiknanəsi növləri qiymətli dərman, efir yağlı, qida, ədviyyat, vitaminli, balverən, dekorativ bitkilərdir.