Cins: Ferula - İlankölgəsi print

Avroasiya, Afrika və Qafqazda yayılan 130 növdən Azərbaycanda 8 növü rast gəlir. Onların çoxu məhdud areala malik, nadir növlərdir. Məlum 8 növün 5-i Naxçıvan regionunda rast gəlir. Onlardan ikisi (F.oopoda, F.szovitsiana) Naxçıvandan təsvir olunub və arealı da həmin regionla məhdudlaşır. Birinci növ Naxçıvan şəhəri yaxınlığında Duzdağ ərazisində rast gəlir, digər növ (Soviç ilangölgəsi) Sədərək rayonunun Vəlidağ yamaclarında, Duzdağ, Darıdağ ərazilərində rast gəlir. İran ilangölgəsi növünə də Soviç ilangölgəsi növünün yayıldığı sahələrdə təsadüf edilir. Sonralar o, Əlibayramlı ətrafından (Atbulaq kəndi) da toplanılıb. Cinsin 4 növü (F.oopoda, F.persica, F.szovitsiana, F.caucasica) Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilir. Digər iki ilangölgəsi növləri də nadir bitkilərdir. Qafqaz ilangölgəsi növü Bozdağdan təsvir olunub və Bozqır yaylada aşağı dağ qurşağında, quraq yamaclarda, Xəzər ilangölgəsi növü isə Abşeron, Bozqır yayla (Xanabad) və Kür düzündə (Salahlı və Qırmızı körpü arası) məlumdur. Çoxillik, gövdəsi yoğun, iri, üçər bölümlüdür. Kökətrafı yarpaqlı, ləçəkləri sarımtıl yaxud ağımtıldır. Yarpaqları qına keçən bitkilərdir. Növləri yarpaq qınının forması, çətirin şüaları və s. əlamətləri ilə fərqləndirilir. Kökündə və meyvəsində kəskin iyli efir yağları vardır. Ondan tibbdə və ətriyyatda istifadə olunur.