Cins: Carum - Zirə print

Avroasiya və Qafqazda yayılan 30-a qədər növündən Azərbaycanda 3 növü rast gəlir. Ləçəkləri ağ olan adi zirə növünün qırmızı ləçəkləri populyasiyasını bəzi müəlliflər növmüxtəlifliyi (Qrossheym), yarımnöv (Voroşilov) və hətta növ (Voronov) kimi qəbul etmişlər. Biz isə bu taksonu adi zirə növünün tərkibində veririk. Zirə növləri respublikanın əksər bölglərində, orta dağ qurşağında, alp çəmənliklərində yayılsa da, Komarov zirəsi növü az yayılma sahəsinə (Kiçik Qafqaz, Qoşqardağ) malikdir. İki və ya çoxillik, yarpaqları 2-3 qat lələkvari, çətirləri 5-15 şüalı, ləçəkləri ağ və ya qırmızı, meyvəsi uzunsov-oval bitkilərdir. Xüsusən, onun toxumları efir yağları ilə zəngin olduğundan, bir sıra ərzaq məhsullarına qatılır. Əczaçılıq, ətriyyat, kosmetikada istifadə olunur. Mədə-bağırsaq xəstəliklərində, köpmədə, həzmi yaxşılaşdırmada qiymətli vasitədir.