Alt tip: Sarkodina - Sarkodinlər print

Sarkodinlərin ən tipik nümayəndəsi şirin su amöbü (Amoeba proteus) və dizenteriya amöbüdür (Entamoeba histolytica). Şirin su amöbü gölməçələrdə, kiçik su hövzələrində yaşayır. O, birnüvəli canlı olub, sitoplazması 2 təbəqədən – ektoplazma və endoplazmadan ibarətdir. Psevdopodilər vasitəsilə hərəkət edir və qeyri-cinsi yolla (bölünmə) çoxalır. Bu canlılar əlverişsiz şəraitə düşdükdə sista əmələ gətirir.

Sarkomastiqoforlar biosenozda mühüm əhəmiyyət daşıyır. Onların əksəriyyəti bakteriofaq olub, bakteriyaların sayını və təsirini tənzimləyir, üzvi maddələrin toplanmasına, su və torpağın özünütənzimləməsinə şərait yaradır. Onlar ilkin produsentlər olub, mühiti qida maddələri ilə zənginləşdirir, onurğalı və onurğasız su heyvanları üçün qida mənbəyi rolunu oynayır. Sarkomastiqoforlar həm də ətraf mühitin göstəricilərini, çirklənmə dərəcəsini təyin edən bioindikatorlardır.

Dizenteriya amöbü (Entamoeba histolytica) insan orqanizmində parazitlik edir. Ona mürəkkəb inkişaf sikli xarakterikdir. Üzərində dizenteriya amöbünün sistası olan ərzağı udaraq insan bu parazitə yoluxur. Bu parazitin əmələ gətirdiyi şiddətli ishal və bol qanaxma ilə müşayiət olunan ağır xəstəlik amöbiaz adlanır. Digər amöblər insanın bağırsaqlarında yaşayaraq bakteriyalarla qidalanır. Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemində 10-a yaxın amöb aşkar edilmişdir.

Azərbaycanda Lobozea, Filosea, Acarpomyxea, Granuloreticulosea, Phaeodarea, Heliozoa siniflərinin nümayəndələri tapılmışdır.