Cins: Achillea - Boymadərən və ya Asırqalotu print

Avrasiyada yayılan 100-ə yaxın növü var. Hazırda Azərbaycanda bu cinsin 10 növünə rast gəlinir. Onlara Azərbaycanın əksər rayonlarında arandan subalp qurşağadək rütubətli dərələrdə, daşlı-qayalı yerlərdə, kolluqlarda, yarımsəhra, bozqır və çəmən bitkiləri tərkibində rast gəlinir. Çoxillik otlardır, bəzən yarımkolcuqdur. Yarpaqları lələkvari bölümlüdür. Səbət nisbətən xırda, şarşəkilli, kənardakı çiçəkləri dilcikşəkilli, ağ, sarı, çəhrayı, 5-8 saylı, ortadakılar isə boruşəkilli, ikicinslidir. Toxumcası oval, kəkilsizdir. Yarpaqları və çiçəkləri K və C vitaminləri, efir yağlı aşı maddələri ilə zəngindir. Yerüstü hissələrindən dəmləmə halında qankəsici vasitə kimi mədə-bağırsaq xəstəliklərində, sidik yollarının iltihabında, öskürək xəstəliklərində istifadə olunur. İnsektisid vasitə kimi də faydalıdır.