Cins: Anthemis - Çobanyastığı və ya sığırgözü print

Avrasiya, Aralıq dənizi ətrafı ölkələri, Qərbi Asiya və Afrikada yayılan 150 növü var. Azərbaycanın əksər rayonlarında arandan alp qurşağadək meşə və kolluqlarda, quraq-daşlı yamaclarda, dağ çəmənliklərində, bəzən alaq bitkisi kimi bağ və əkinlərdə yayılan 13 (16) növü məlumdur. Bir və çoxillik otlardır. Növbəli düzülən lələkvari bölümlü yarpaqları və gövdədə tək-tək yerləşən səbət çiçək qrupları ilə səciyyələnir. Səbətin kənarında yerləşən çiçəkləri 1 sıra düzülür, dilcikşəkilli, dişicikli, ağ və ya sarıdır, ortadakılar isə boruşəkilli, ikicinslidir. Sarğı (örtük) yarpaqları kirəmidvari, çoxsıralı, toxumca uzunsov, 4-5 tilli, kəkilsizdir. Kəskin iyi və acı dadı var. Dərman, boya, dekorativ, insektisid əhəmiyyəti var. Bəzi növləri alaq bitkiləridir.