Cins: Centaurea - Güləvər print

Müxtəlif mənbələrdə cinsin Avrasiya, Şimali və Şərqi Afrika, Şimali Amerikada yayılan 500-700 növünün olması qeyd olunur. Azərbaycanda müxtəlif ekoloji şəraitdə yayılmış 41-43 növə təsadüf olunur. Birillik və ya çoxillik otlardır. Səbətdə ümumi çiçək yatağı sərt tükcüklərlə örtülüdür. Səbətdə kənarda yerləşən çiçəklər yuxarısında qıfvari, steril, ortada yerləşən çiçəklər isə boruşəkilli, ikicinsli, yuxarıda 5 dişciklidir. Çiçəkləri sarı, bənövşəyi, ağ, göy və çəhrayı rəngli olur. Cinsin növləri səbətin örtük (sarğı) yarpaqlarının əlamətləri ilə səciyyələnir. Bunlarda sarğı bir neçə cərgə yarpaqdan təşkil olunmuşdur. Xarici cərgədə yerləşən sarğı yarpaqları orta və daxili cərgədə yerləşən yarpaqlardan fərqlənir. Sarğı yarpaqları səbətin altında kirəmidvari düzülür, onların kənarında, növündən asılı olaraq tam, bölümlü və ya kirpikvari saçaqlı əlavə olur. Bəzi növlərdə sarğı yarpağı tikanlı olur. Toxumcalarının üzəri tükcüklərlə örtülüdür, yuxarısında kəkili var. Dekorativ, balverən və bioloji fəal maddələrə malik bitkilərdir.