Cins: Inula - Andız print

Avrasiya (Kanar adalarından Yaponiyaya qədər), Afrika və Madaqaskarda yayılan 100-dən çox növü var. Azərbaycanda əksər rayonlarda arandan alp qurşağadək meşə və kolluqlarda, meşənin tala yerlərində, çəmən və yüksək otluq bitkilikləri tərkibində, otlu, daşlı-qayalı yamaclarda, bağ və əkinlərdə, bəzən sahil qumluqlarında yayılan 10 növü məlumdur. Bəzən hündürlüyü 1.5 m-ə çatan çoxillik otlardır. Yarpaqları növbəli düzülür, əsasən, tam kənarlıdır. Sarğı yarpaqları kirəmidvari, səbətlər çox vaxt qalxan çiçək qrupuna yığılandır. Səbətin kənarda yerləşən çiçəklər 1 sırada düzülür, dilcikşəkilli, dişicikli, sarı rəngli, ortadakılar isə boruşəkilli, 5 dişcikli, ikicinsli, toxumcası silindrvari, kəkillidir.

Kökümsovları və kökləri efir yağı ilə zəngindir. Dərman məqsədilə köklərindən tənəffüs yollarının xroniki xəstəliklərində, öskürək əleyhinə, ağ ciyərlərin iltihabında, babasil, şəkərli diabet, vərəm, qan təzyiqi zamanı, bronxitdə işlədilir. Həmçinin dekorativ və boyaq əhəmiyyətli bitkilərdir.