Cins: Bellevalia - Yabanı sünbülçiçək və ya bellevaliya print

Qərbi Aralıq dənizindən İrana və Orta Asiyaya qədər yayılan 50-yə yaxın növü var. Azərbaycanda 6 növü yayılmışdır. Arandan yuxarı dağ qurşağına qədər otlu quraq yamaclarda, əkinlərdə, rütubətli çəmənlərdə rast gəlinir. Əksər növlərinə Naxçıvan, Qobustan, Zuvand kimi quraq rayonlarda təsadüf olunur. Çoxillik soğanaqlı bitkilərdir. Çiçəkyanlığı yarpaqları bitişik olub, zəng yaxud boruşəkillidir. Salxım tipli çiçək qrupu əmələ gətirir. Çiçək qrupunun forması, çiçəkyanlığının dişiciyin sütuncuğuna nisbəti, rəngi, erkəkcik sapının forması növlərin sistematikasında istifadə olunan əlamətlərdir. Bəzək bitkisi kimi becərilir.