Cins: Solidago - Qızılsəbət print

Cinsin 120-dən çox növü var. Əsasən, Amerikada yayılıb, Avrasiya və Arktikada yayılan növləri də məlumdur. Cinsin adı bitkinin yaraların müalicəsində istifadə olunduğundan, latınca “solidare” – “sağlam edirəm”, “müalicə edirəm” sözündən götürülüb. Azərbaycanda 3 növünə təsadüf edilir.  Çoxillik, hündürlüyü 1 m-dək olan otlardır. Uzunsov yarpaqları növbəli düzülmüşdür. Çiçəkləri sarı rəngli olub, salxım çiçək qrupuna yığılmışdır. Səbətin kənarındakı çiçəklər bir cərgədə düzülən, dilcikşəkilli, dişicikli, ortada yerləşənlər isə boruşəkilli, tacı beşdişcikli, ikicinslidir. Toxumcası oval, qabırğacıqlı, kəkili bir sırada yerləşən kələ-kötür tükcüklüdür. Dərman, dekorativ, balverən, yağlı, vitaminli, boya (sarı rəng) əhəmiyyətli bitkilərdir.