Cins: Stemmacantha - Stemmakanta və ya rapontikum print

Avrasiyada mülayim iqlimli ölkələrdə, 1 növü isə Avstraliyada yayılıb. Azərbaycanda Talışdan (Zuvanddan) təsvir olunmuş və həmçinin Böyük və Kiçik Qafqazda rast gəlinən 2 növü məlumdur. Aşağı dağ qurşağından subalp qurşağadək daşlı yamaclarda, qaya töküntüləri arasında təsadüf edir. Çoxillik tikansız otlardır. Yarpağı lələkvari kəsilmiş, alt tərəfdə ağ və ya boz keçə tükcüklüdür. Səbət çoxçiçəkli, bütün çiçəkləri boruşəkilli, örtük yarpaqları sərt yarpaqcıqlı, kirəmidvari düzülən, tacı tünd qırmızıdır. Toxumcası uzunsov, kəkili isə açıq-qəhvəyi olub, toxumcadan 1-2 dəfə uzundur. Dekorativ əhəmiyyəti var.