Cins: Artemisia - Yovşan print

Avrasiya və Şimali Amerikada yayılan 200 növü məlumdur. Fəsilə daxilində ən mürəkkəb cinslərdəndir. Ümumiyyətlə, cinsin növlərini 3 qrupa bölürlər:

  1. Kənardakı çiçəkləri dişicikli, ortadakılar isə ikicinsli olanlar
  2. Kənardakı çiçəkləri dişicikli, ortadakıları erkəkcikdaşıyan, dişicikdaşıyanı isə rudiment halda olanlar
  3. Bütün çiçəkləri ikicinsli olanlar

Azərbaycanda cinsin 17 növünə rast gəlinir ki, onlardan 2-si kulturadadır. Onlar respublikanın əksər rayonlarında, arandan subalp qurşağadək daşlı-qayalı yerlərdə, meşə və kolluqlarda, bağ və bostanlarda, zibilli yerlərdə yayılıb. Yovşan növləri quraqlığa davamlı, az şorakət torpaqlarda belə yayıla bilən bitkilərdir. Əksərən çoxillik yarımkol, bəzi növləri birillik və ya ikiillik otlardır, küləklə tozlanırlar. Səbətin sarğısı bir neçə cərgədə yerləşən yarpaqlardan təşkil olunmuşdur. Səbətin kənarında yerləşən bir cərgə çiçək dişicik daşıyan və toxum əmələgətirən çiçəklər, ortada yerləşənlər isə növündən asılı olaraq ikicinsli və toxum əmələgətirən və ya bircinsli erkəkcik daşıyan çiçəklərdir. Erkəkcik daşıyan çiçəklərdə dişicik tam inkişaf etməmiş, rudiment şəkildə qalmış olur. Toxumcalarının uçağanı olmur. Qış aylarında qışlaqlarda yem ehtiyatı kimi yovşanların əhəmiyyəti böyükdür. Bəzi yovşan növlərindən qurd xəstəliyinə qarşı dərman kimi istifadə olunan santonin alınır. Xalq təbabətində revmatizm, mədə xəstəliklərinə qarşı, sakitləşdirici vasitə kimi işlədilir. Həmçinin şərabçılıqda, ədviyyatda istifadəyə yararlı, efir yağlı, vitaminli növləri var. Səciyyəvi ətirli iyi, çox acı dadı var. Otaqlarda həşəratlara qarşı vasitə kimi istifadə olunur.