Aləm: Archaea - Arxeyalar print

Arxeyalar birhüceyrəli, nüvəsi və membran orqanları olmayan orqanizmlərdir. Əvvəllər arxeyalar prokariotların daxilində bakteriyalar ilə birlikdə qruplaşdırılaraq arxebakteriyalar adlanırdı. Arxeyaların müstəqil təkamül tarizxinə malik olduğu sübut edilib. Hal-hazırda arxeyalar 5 tipə bölünür. Arxeyalar və bakteriyalar hüceyrə forması və quruluşuna görə bir-birinə çox oxşardır. Bu oxşarlığa rəğmən bir sıra genlər və metabolizm yolu onları eukariotlara yaxınlaşdırır.

1977-ci ilədək bu orqanizmlər bakteriyalara aid edilirdi. RNT tədqiqatları göstərdi ki, arxeyalar molekulyar səviyyədə digər mikroorqanizmlərdən köklü fərqlənir. Onlar fərqli biokimyaya malikdir: metanogen-orqanizmlər yalnız arxeyalarda rast gəlinir. Onların əksəriyyəti ekstremal şəraitlərdə (ekstremofil) yaşayır.

Hal-hazırda arxeyalar 5 tipə bölünür. Onların içərisində krenoarxeotlar (Crenarchaeota) və evriarxeotlar (Euryarchaeota) daha çox öyrənilmişdir.

Arxeyalar ölçü və formalarına görə bakteriyalara çox oxşayır. Lakin bəzi arxeyalar qeyri-adi formaya malikdir. Məsələn, Haloquadratum walsbyi hüceyrələri yastı və kvadratşəkillidir. Xarici görünüşünə görə bakteriyalara bənzəməsinə baxmayaraq bəzi genlər və metabolik prosesləri eukariotlara oxşayır. Arxeyaların böyük hissəsi xemoavtotrofdur. Onlar eukariotlara nisbətən daha çox enerji istifadə edir, bakteriya və eukariotlardan fərqli olaraq spor əmələ gətirmirlər.

Hal-hazırda arxeyalar Yerdəki həyatın mühüm tərkib hissəsi hesab edilir. Patogen və parazit orqanizm olmayan arxeyalar karbon və azot dövranında iştirak edir. Əksər hallarda mutualist və kommensalist orqanizmlər rolunda çıxış edir. Arxeyaların bəzi nümayəndələri metanogendir, insan və gövşəyən heyvanların həzm sistemində iştirak edir. Metanogenlər bioqaz istehsalında, kanalizasiya çirkab sularının təmizlənməsində tətbiq edilir. Ekstremofil mikroorqanizmlərin fermentlərinin yüksək temperaturlarda, üzvi həlledicilərlə kontakt zamanı öz aktivliyini saxlaması xüsusiyyətindən biotexnologiyada istifadə edilir.

Arxeyalar qlobal ekosistemin vacib tərkib hissəsi olub yaşayış mühitinin çox geniş intervalında yaşayır, ümumi biokütlənin 20%-ni təşkil edirlər. Əsasən, qeyzer və termal sularda rast gəlinən termofil arxeyalar 450C-dən yüksək temperaturlarda, hipertermofillər isə 80°C və daha çox temperaturda inkişaf edir. 122°C-də inkişaf edən Methanopyros kandleri bütün mövcud orqanizmlərin rekord göstəricisinə malikdir. Digər növlər soyuq, ifrat duzlu (halofil), ifrat turş (alkalifil), ifrat qələvi (alkalifil) və yüksək təzyiq (700 atm) kimi ekstremal şəraitlərdə yaşaya bilir. Məsələn, Picrophilus torridus pH=0 şəraitində (1.2 molyar xlorid turşusu ekvivalenti) inkişaf edir.

Arxeyaların ekstremal şəraitlərə davamlılıq xüsusiyyəti onların digər planetlərdə həyatını mümkün edir. Hesab edilir ki, bəzi ekstremofil növlərin həyat şəraiti Mars mühitinə yaxındır.

Arxeyalar müasir təsnifata görə 5 tipdə qruplaşdırılıb: Crenarhaeota, Euryarchaeota, Nanoarchaeota, Korarchaeota, Thaumarchaeota. Bəzi hallarda Algarchaeota altıncı tip kimi qeyd edilir. 2015-ci ildə Atlantik okeanında 2.5 km dərinlikdən tapılan Lokiarchaeota yeni arxeya tipi kimi qeyd edilmişdir.