Cins: Asparagus - Qulançar print

Avroasiya və Afrikada yayılan 300-ə yaxın növü var. Əsasən, Aralıq dənizi ölkələri fəsilənin növləri ilə daha zəngindir. Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağınadək meşələrdə, kolluqlarda, çay sahillərində 5 növü yayılmışdır. Yumşaq yarpaq qulançar və Sprenger qulançarı növləri otaqlarda bəzək bitkisi kimi becərilir. Çoxillik kökümsovlu bitkilərdir. Budaqlanan gövdələri yaşıl rənglidir. Yarpaqları xırda, pulcuqşəkilli, kladodilər sapvari və ya iynəşəkillidir. Çiçəkləri xırda olub, bircinslidir. Erkəkcikləri 6, yumurtalığı 3 yuvalıdır. Meyvələri qırmızı rəngli giləmeyvədir. Bəzən cavan zoğları yeyilir. Həmçinin dekorativ bitkidir. Cinsin növlərə ayrılmasında kladodinin, gövdənin, çiçəkyanlığının əlamətləri əsas götürülür.