Alt aləm: Bacteria - Əsl bakteriyalar print

Bakteriyalar birhüceyrəli, mikroskopik orqanizmlərdir. Böyüklüyü mikronlarla ölçülür. Qram boyama metoduna əsaslanaraq qram-müsbət və qram-mənfi bakteriyalara ayrılır. Formasına görə bakteriyalar basillər, stafilokoklar, diplokoklar,streptokoklar, vibrionlar və spirillərə bölünür. Bakteriyaların əksər növləri hərəkətlidir. Onlar qamçı və yaxud kiprikciklərlə hərəkət edir.

Bakteriyalar demək olar ki, heyvan və bitki hüceyrələrinə xas olan bütün struktur elementlərə malikdir. Lakin bitki və heyvan hüceyrələrindən fərqli olaraq bakteriyalarda xloroplast (mitoxondrilər), sentriollar, nüvə membranı və nüvəcik yoxdur.

Bakteriya hüceyrələrini bitki və heyvan hüceyrələrindən fərqləndirən digər cəhət onlarda hüceyrələrarası bağlantı sisteminin – plazmodesma (bitki hüceyrələrində) və desmosom (heyvan hüceyrələrində) sisteminin olmamasıdır. Bu sistem hüceyrələri bir-biri ilə sıx bağlamaqla yanaşı, onlar arasında birbaşa kontakt imkanı yaradır. Plazmodesmalar:

Hüceyrəarası bağlantı sistemi olub, bitki hüceyrələri arasında maddələrin nəqlini təmin edir;

Hüceyrələr arasındakı sıx kontakt onlardan maddələrin itkisinin qarşısını alır;

Desmosomlar, əsasən, dartılma, mexaniki təsirlər altında olan (epitel hüceyrələr, ürək toxuması hüceyrələri və s.) hüceyrələr arasında yaranır. Sitoplazma tərəfdən desmosomlara aralıq filamentlər birləşmişdir. Onlar sıx şəbəkə yaradaraq bu sistemə yüksək sərtlik verir. Desmosomanı təşkil edən zülallar hüceyrə adgeziyası zülalları (inteqrin, selektin, kadherin və s.) qrupuna aid olan kadherin və birləşdirici zülallardan ibarətdir.

Desmosomların dəlik kanalları plazmodesmalarda olduğu kimi hüceyrələr arasında ionlar, qida maddələri və digər maddələrin nəqlinə imkan yaradır.

Bakteriyalar demək olar ki, bütün ekoloji sığınacaqların sakinləridir. Onlar sadə bölünmə və spor vasitəsilə çoxalır. Əsasən, heterotrof orqanizmlər olub, bəziləri avtotrofdur. Bir çox bakteriya növləri aerobdur, lakin anaeroblara da rast gəlinir.

Təbiətdə bakteriyaların rolu böyükdür. Çürümə, qıcqırma, üzvi maddələrin minerallaşması kimi proseslər onların sayəsində gedir. Bakteriyaların fəaliyyəti nəticəsində sulfid, fosfat, boksit, dəmir yataqları yaranır. Kökyumrusu bakteriyaları paxlalı bitkilərin köklərində koloniyalar yaradaraq xüsusi orqanoid - simbiosomlar vasitəsilə atmosfer azotunu udur. Simbiosomlardan azot NH3 və ya NH4+ şəklində bakteriyanın membran zülalının təsiri altında bitki hüceyrəsinə nəql olunur.

Praktikada bakteriyalardan geniş istifadə olunur. Məsələn, bakteriyalardan süd məhsullarının istehsalında, tərəvəzlərin konservləşməsində və s. istifadə edilir. Antibiotiklərin produsenti olan bakteriya növləri də məlumdur. Bakteriyalardan gen mühəndisliyində də istifadə edilir. Bakteriyaların bir çox növləri insan, heyvan və bitki orqanizmlərində xəstəlik törədir. İnsanlarda bakteriyalar dizenteriya, vəba, taun, difteriya, vərəm, sibir xorası və digər xəstəliklər yaradır.

Bakteriyalar Yer kürəsinin qədim sakinləridir. Onların mənşəyi tam öyrənilməyib. Belə güman olunur ki, bakteriyalar progetonlar adlanan ən primitiv canlılardan əmələ gəlmişlər. Lakin progetonların quruluşu və mənşəyi haqqında məlumat yoxdur. Ona görə də bakteriyalarla progetonlar arasında olan əlaqəni tam öyrənmək mümkün olmayıb.

AMEA Mikrobiologiya İnstitutunun məlumatlarına görə, Xəzər dənizinin və daxili hövzələrin su-lil qatlarında 30 cinsə aid bakteria növü üstünlük təşkil edir. Bunlar Achromobacter, Arthrobacter, Bacillus, Clostridium, Leptothrix, Pseudohacterium, Azotobacter, Bacterium, Coliformium, Micrococcus, Pseudomonas və s. cinslərin nümayəndələridir.