Cins: Carex - Cil print

Dünyanın bütün ölkələrində, xüsusən mülayim soyuq qurşaqlarda 1500 növü yayılmışdır. Bunlardan Azərbaycanda 61 növə demək olar ki, bütün rayonlarda təsadüf olunur. İki növün (C.meinshaliseniana, C.serotina) Azərbaycanda yayılması dəqiqləşdirilməlidir.  Çiçəkləri sünbüləbənzər çiçək qrupunda, örtücü pulcuğun qoltuğunda yerləşir. Çiçək qrupu yalnız erkəkcik daşıyan və ya dişicik daşıyan çiçəklərdən ibarətdir. Bəzən o, qarışıq halda çiçək qrupunun yuxarı hissəsində erkəkcikli çiçəklərdən təşkil olunmuş olur. Əsasən, birevli bitkilərdir. Dişicik daşıyan çiçəklərin erkəkcik daşıyan çiçəklərə nisbətən tez yetişməsi çarpaz tozlanmanı təmin edir. Dişicik daşıyan çiçəklərdə dişicik kisəciyinin içərisində yerləşir, sütuncuq və ağızcıqlar kisəcikdən kənara uzanır, 2-3 saylı olur. Meyvəsi fındıqcadır, iri kisəciklə əhatə olunur.

Cillər ən çox suda və ya bataqlıqların kənarında yayılır. Kisəciklə fındıqca arasında hava dolduğundan o suda batmır və su ilə yayılırlar. Kökümsovlu, çox vaxt çim əmələ gətirən çoxillik və kökümsovlu ot bitkiləridir. Bir çox növləri yaxşı yem bitkiləri sayılır. Cil növləri arasında dərman əhəmiyyətliləri də vardır. Cinsin növlərinn təyin edərkən kisəciyin forması, rəngi, çiçəkqrupunda erkəkcikli və dişicikli çiçəklərin mövqeyi, dişiciyin və meyvənin əlamətləri, çiçəkaltlığı yarpağın ölçüsü, forması və s. əsas götürülür.