Cins: Schoenoplectus - Həsilotu print

Dünyanın hər yerində, xüsusən Şimal yarımkürəsində yayılan 250 növü məlumdur. Azərbaycanın əksər rayonlarında, xüsusən Lənkəran rayonu ərazisində arandan orta dağ qurşağınadək rütubətli yerlərdə, bataqlıqlarda, göl, çay, kənarlarında, alaq otukimi əkin sahələrində geniş yayılan 10 növü vardır. Bir növ (Qrossheym həsilotu) Azərbaycandan təsvir olunub (Lənkəran, Sara gölü ətrafı).

Əsasən, çoxillik (bəzi növləri birillik) kökümsovlu bataqlıq yer bitkiləridir. Çiçək qrupunun süpürgə və ya çətirə bənzər olması, çiçəklərin ikicinsli olması, çiçəkyanlığının 1-6 sayda sərt tüklü (qıllı) olması, erkəkciyin 3, dişiciyin 2-3, meyvənin 2-3 tilli olması cinsi səciyyələndirən əlamətlərdir. Növlər bir-birindən çiçək qrupunun, çiçəyin, meyvənin, örtük pulcuqlarının rəngi ilə seçilir. Cinsin növlərindən yerlərdə həsir, səbət toxunması, xırda tikinti və təsərrüfat işlərində istifadə olunur.