Cins: Ranunculus - Qaymaqçiçək print

Şimal yarımkürəsinin mülayim qurşağında və Qafqazda 250 növü yayılmışdır. Azərbaycanda 29 növə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında,müxtəlif bitmə şəraitində, xüsusən, arandan alp qurşağınadək meşə və kolluqlarda, çay kənarlarında, bataqlıqlarda, rütubətli sucaq yerlərdə təsadüf olunur. Onlardan bir neçəsi Azərbaycandan təsvir olunub və endem növlərdir. Bir və ya çoxillik otlardır. Yarpaqları növbəli düzülür, ayası barmaqvari və ya lələkvari bölümlüdür. Çiçəkləri əsasən, sarı rənglidir, müntəzəmdir, kasa yarpaqları 5-dir. Erkəkcikləri çoxdur, gineseyi apokarpdır, çiçək üzvləri yarımdairəvi düzülür. Meyvələri bir toxumlu fındıqcaya və ya toxumcayabənzər meyvədir və çox vaxt çiçəkyatağı üzərində yığılacaq “yığılmış meyvə” əmələ gətirir. Zəhərli bitkilərdir.