Quba rayonu print

İnzibati rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilərək Qubaya qatılmışdır. 1963 - 1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qubanın tərkibində olmuşdur.
Relyefi. Böyük Qafqazm şimal-şərqindədir. Səthi, əsasən, dağlıqdır. Şimal-şərq kənarı Samur-Dəvəçi ovalığına çatır. Cənub-qərb sərhədi Baş Qafqaz silsiləsinin yan hissəsindən keçir. Baş Qafqaz silsiləsindən şimal şərqdə ona paralel və çay dərələri ilə kəsilmiş Qaytarqoca silsiləsi, Yan silsilə, Qaynarca tirəsi uzanır. Ərazinin hündüriüyü 100 m-dən 4206 m-dək (Tufandağ) uzanır.
Geoloji quruluşu. Ərazidə Yura, Tabaşir, Neogen və Antropogen süxurlar yayılmışdır.

Çayları  və su hövzələri. Mineral bulaqlarla (Qonaqkənd, Yerfi, Xaltan) zəngindir. Ərazinin çay şəbəkəsi zəngindir. Çaylarının mənbələri müxtəlif yüksəkliklərdədir: Qudyal (Tufandağın cənubu; 3000 m), Qaraçay (Qocadərəbaşı-Babadağ ərazisi; 2900 m), Ağçay (Yarımyaylaq dağı; 1780 m), Vəlvələ (Babadağ ərazisi; 2920 m), Quruçay (Susay-Yırız aşırımı; 2500 m), Caqacuq çay (Pulutdağ; 2254 m) və s. çaylardır.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi düzənlik və dağətəyi hissədə yayı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir.
Əsasən, çimli dağ-çəmən, qonur dağ-meşə, tipik və karbonatlı dağ-meşə, qəhvəyi torpaqlar yayılmışdır. Dağlıq sahələrdə alp və subalp çəmənlikləri geniş sahə tutaraq yay otlaqları kimi istifadə olunur. Enliyarpaqlı dağ meşələri, dağətəyi və düzən yerlərdə isə çəmən və kolluqlar geniş yayılmışdır.
Vəlvələçay hövzəsinin Təngə dərəsi landşaft özünəməxsusluğu ilə seçilir. Şimal-şərqdə öz başlanğıcını Babadağdan (3629 m) götürən Babaçay, Qonaqkəndin cənubunda Cimi çayla birləşib Vəlvələçaya başlanğıc verir. Təngə dərəsində qaya və töküntü bitkiliyi geniş landşaft təşkil edir. Hövzədə üfüqi zonallıq istiqamətində hər qurşağın özünəməxsus çılpaq qayalığı, sıldırımlı, daşlı, dağıntılı, töküntülü, uçurumlu yamacları vardır. Qaya bitkiliyi yüksək dekorativliyə malikdir. Onlar tək-tək qrup formasında və seyrək yayılaraq yastıq formalı xırda kolcuq, kol və ot bitkilərindən ibarətdir. Gündüz günəşin təsiri ilə qızma, axşamlar soyuma və s. fiziki təsirlər nəticəsində qayalarda çatlar və yarıqlar yaranır. Külək bu yarıqları narın torpaqla və mineral çürüntülərlə doldurur. Bu çatlar kölgəli mühit olduğundan həmişə nəmli və sərin olur. Qayalarda yaranmış bu mikroekosistemlər sərilmiş bitki formasiyaları yaradır. Bu ansaml həm müxtəlif mikroorqanizmlər - bakteriyalar, yosunlar, göbələklər, şibyələr, ibtidai bitkilər qijılar) həm də ali bitkilərdən ibarət olur. Qayalıq bitkiliyi alp çəmənliyinin yuxarı hissəsinə qədər davam edir. Bunlar, əsasən, qafqaz qayaotu (Sempervivum caucasicum), kuznetsov qərənfili (Dianthus kuznetsovii), dağıstan pişikotu (Valeriana daghestanica), qaya zəngçiçəyi (Campanula saxatilis), sıx yastıbaş (Jurinea sp.) və s.-dir. Qayalıqlarda kollardan yemişan (Crataegus sp.), çaytikanı (Hippophae rhamnoides), qafqaz armudu (Pyrus caucasica), zirinc (Berberis sp.), itburnu (Rose sp.), dişli topulqa (Spiraea crenata), şərq şaqqıldağı, sarağan (Cotinus sp.) və s. yayılmışdır. Çiçəklər öz gözəlliyi və parlaqlığı ilə seçilir: dağınıq yastıqotu (Draba incompta), zərif mərcanotu (Betonica orientalis), zəngçiçəyi (Campanula sp.) və s. Alp qurşağındakı töküntü landşaftlarda yatıq pişiknanəsi (Nepeta lamiifolia), keçətük dalamaz (Lamium amplexicaule), dağ soğanı (Allium montanum), balaca bulaqotu (Veronica minuta) və s. bitkilərə rast gəlinir.

Tarixi. Bu rayon Azərbaycanın orta əsr feodal dövlətlərindən olan Quba Xanlığının varisidir. 1724-cü ildə İstambul müqaviləsinə əsasən Quba əyaləti Rusiyanın tərkibinə daxil olaraq yerli hakimlər tərəfindən idarə edilirdi. ƏvvəIIər mərkəzi Xudat, 1735-ci ildən isə Quba olmuşdur. Nadir şahın ölümündən sonra daha da möhkəmlənən Quba Xanlığı Rusiy a ilə dostluq münasitbətləri saxlayaraq bir müddət demək olar ki, bütün xanlıqları (Dərbənd, Şəki, Bakı, Şirvan, Talış, Gəncə) özünə tabe etmişdi. 1806-cı ildə Quba Xanlığı Rusiyaya birləşdirildikdən sonra Quba əyaləti yaradıldı. Əyaləti naib idarə edirdi. 1810-cu il Quba üsyanından sonra idarəetmə Quba qalası komendantına tapşırıldı. Əyalət Quba, Həzrə, Buduq, Şabran mahallarından ibarət idi. 1840-cı ildə Quba qəzası yaradıldı. Quba, Həzrə, Buduq və Şabran kimi dörd məntəqəyə bölünən Quba qəzası 1929-cu ilə qədər mövcud olmuşdur.

Əhalisi. Azərbaycanlılar ərazidə etnik əksəriyyət təşkil edir. Sayca sonrakı yerlərdə ləzgilər, tatlar, ruslar, türklər və dağ yəhudiləri dayanır. Tatlar Rustov, Zərqava, Afurca, Qonaqkənd, Cimi, Çiçi və s. kəndlərdə, ləzgilər Qımıl, Qımılqışlaq, Uçgün və s. kəndlərdə yaşayır. İki min ildən çox birgə tarixə malik olan dağ yəhudiləri Quba şəhəri yaxınlığındakı Qırmızı Qəsəbədə (Krasnaya Sloboda) yaşayırlar. Quba rusları XVIII əsrin sonlarında "andı və kilsəni pozduqlarına görə" buraya sürgün edilmiş molokanların varisləridir. Onlar Novonikolayevka, Alekseyevka, Vladimirovka kəndlərində yaşayırlar. Molokanlar xaç gəzdirmir, ikonanı qəbul etmir, kilsəyə getmirlər. Onlar ibadətlərini kilsədə yox, xüsusi dua evlərində (molebnı) edirlər. Onlardan əlavə ərazidə Qafqaz dil ailəsinə aid olan xınalıqlılar (Xınalıq k.), ceklər (Cek k.), buduqlular (Buduq k.) kimi azsaylı xalqlar və etnik qruplar mövcuddur.
Arxeoloji abidələr. Xucbala kəndi ərazisində erkən III-VIII əsrlərə aid yaşayış yeri və qəbiristan. Ölülər arxası üstə uzadılmış və ya bükülü halda basdırılmışdır. Afurca kromlexi (Afurca).
Tarixi-mədəni abidələr. Zuxur kəndi yaxınlığında Qaraçayın sağ sahilində ərazisi 1 ha-dan çox olan X əsrə aid Yeddilər Qalası. Xalq arasında "Qaranlıqdibi qalası'' adlanır. Giriş hissəsində bürc və qalaçalardan ibarət möhkəm müdafiə sistemi düzəldilmişdir. Ağbil kəndində XVI əsrə aid Ağbil türbələri. Üç türbədən ibarət olmuş, sonradan biri dağılmışdır. Türbə xaricdən səkkiz, daxildən dördbucaqlı formasındadır. Türbənin üzərindəki kitabədə onun 1537-ci ildə Şirvanşah II Xəlilüllah zamanında Şeyx Məzyəddinin şərəfinə inşa edildiyi göstərilmişdir. Susay kəndində məscid (1850). Ermənilər tərəfindən törədilmiş kütləvi insan qırğını muzeyi.

Geoloji təbiət abidələri. Ərazi geoloji təbiət abidələri ilə zəngindir. Buradakı şəlalələr, karst mağaraları, kanyonlar özünəməxsusluğu ilə seçilir. Bunlar aşağıdakılardır. Afurca şəlaləsi (Afurca k.), Kunxırt şəlaləsi (Kunxırt k.), Təngaltı kanyonu (Təngaltı k.), Atəşgah yanardağı (Xınalıq k.). ''Bənövşə nənə piri" karst mağarası (Söhüb k.), Quruş kanyonu (Quruş k.). Karst mağarası (Xınalıq k.), "Qaçaq Mayıl mağarası "(Təngaltı k), Krım bulağı və Nügədi süni gölü (II Nügədi).

Çempion ağacları. Quba rayonunda, əsasən, çinar, palıd, ağcaqayın, vələs, qarağac, fıstıq və s. ağac abidələr qeydə alınmışdır. Quba rayonunda xalq tərəfindən müqəddəs yerlər - pirlər kimi qorunan bioloji təbiət abidələri olan ağaclar, onların qrupları və meşəliklər həddən artıq çoxdur. Yerli əhalidə təbiətə qayğı və hörmət, ekoloji mədəniyyət yüksək səviyyədədir. Xalq tərəfindən müqəddəs yerlər kimi qorunan və sitayiş edilən ərazilərə misal olaraq Ağbil kəndindəki «Ağbil Baba piri» ni, Birinci Nügədi kəndindəki «Pir çinar» ı, Amsar kəndindəki «Pirəbənövşə» ni, Tülər kəndindəki «Qızdırma», «Molla Şeyda Baba» və «Gün» pirlərini göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, hələ neçə-neçə kəndlərdə pir kimi qeyd olunan, lakin rəsmi qeyd olunmamış təbiət əraziləri və abidələri mövcuddur. Quba rayonu ərazisində indiyədək qeyd olunmuş ən qocaman ağac Əski-iqriq kəndindəki 570 yaşlı şərq çinarı hesab olunurdu. Bizim fikrimizcə, Amsar kəndindəki göyrüşün 750 il yaşı vardır və bu Qubanın ən qocaman ağac abidəsidir.