Qusar rayonu print

Böyük Qafqazın şimal-şərqində yerləşən Qusar rayonu 1930-cu ildə təşkil edilərək 1938-ci ilə qədər Hil rayonu adlanmışdır.

Relyefi. Rayonun cənub-qərbi dağlıq (Baş Qafqaz silsiləsinin şimal şərq yamacı, Yan silsilə), mərkəzi hissəsi maili düzənlik (Qusar maili düzənliyi), şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhədi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Salavat aşırımı (2895 m) buradadır. Ərazinin hündürlüyü ovalıq hissədə təqribən 100 m-dən, Bazardüzü dağında 4466 m-ə qədərdir. Ərazidə Yan silsilə Qusar çayının dərəsi ilə kəsilərək, Şahdağ və Qızılqaya dağ massivlərinə bölünmüşdür. Respublikada olan müasir buzlaq sahələri (Bazardüzü, Tufan, Şahdağ, Bazaryurd), əsasən, bu rayonda yerləşir.

Geoloji quruluşu. Ərazidə Yura, Tabaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Çayları və  su hövzləri. Ərazinin çay şəbəkəsi zəngindir. Çaylarının mənbələri müxtəlif yüksəkliklərdədir: Qusar (Bazardüzü ərazisi; 3780 m), Quruçay (Susay-Yırız aşırımı; 2500 m), Samur (Qarax Rusiya; 2880 m).

Landşaftları bioloji müxtəlifliyi. Torpaqlar, əsasən, çimli dağçəmən, qonur dağ-meşə, tipik və karbonatlı dağ-meşə, qəhvəyi torpaqlardır. Dağlıq sahənin əsas bitki örtüyü alp və subalp çəmənlikləri maili düzənliklərdə enliyarpaqlı meşələrdən ibarətdir. Ərazidə çəmən və kolluqlar da geniş sahələr tutur.

Əhalisi. Əhalinin etnik tərkibi, əsasən, azərbaycanlılar və Iəzgilərdən ibarətdir. Onlardan əlavə burada kompakt şəkildə ruslar, türklər, dağ yəhudiləri də yaşayır.

Geoloji təbiət abidələri. Qusar rayonunu bəzən haqlı olaraq şəlalələr diyarı adlandırırlar. Azərbaycanın ən gözəl qoşa şəlaləsi burada yerləşir. Laza şəlaləsi, Suvar şəlaləsi, Şahnabal şəlaləsi öz möhtəşəmliyi, suyunun bolluğu və əsrarəngiz mənzərəsi ilə seçilir. Həzrə kənd məscidinin qarşısında 200 yaşlı çinaryarpaq ağcaqayın (Acer platanoides), Şeyx Cüneyd türbəsinin yanındakı köhnə qəbiristanlıqda 460 yaşlı şərq çinarı (Platanus orientalis).

Arxeoloji abidələri. Gədəzeyxur kəndi yaxınlığında m.ə. I minilliyə və Erkən Orta Əsrlərə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Şamiltəpə, Verdixantəpə, Qazıtəpə yaşayış yerləri. Bədirqala kəndi yaxınlığında Gavdişan təpələri yaşayış yeri. Tunc Dövrünə aid Qəflə təpələri yaşayış yeri. Aşağı Ləgər kəndi yaxınlığında Orta Əsrlərə aid Qızılgül və Ağaxan təpələri yaşayış yeri. Həzrə kəndi yaxınlığında Qalaxür təpələri. Erkən Tunc Dövrünə (m.ə. III minillik) aid Qəfləpir - II. Yeni Həyat kəndi yaxınlığında IV-VII əsrlərə aid Qızlartəpə yaşayış yeri. Samur qəsəbəsi yaxınlığında Orta Əsrlərə aid Kalaysuvar yaşayış yeri. Zindanmurad kəndi yaxınlığında Orta Əsrlərə aid “Yeddi qardaş bir bacı” yaşayış yeri. Hil kəndi yaxınlığında Dəmir Dövrünə aid (m.ə. I minillik) Quru Pel yaşayış yeri. Quxuroba kəndi yaxınlığında Quxuroba II kurqanlar (katakomba qəbirlər).

Tarixi- mədəni abidələri. Rayon ərazisi memarlıq abidələri ilə zəngindir: Əniq kəndində XIII əsrə aid qala divarları xarabalıqları. Həzrə kəndində Şeyx Cüneyd türbəsi və məscidi (1544). Hil kəndində məscid (XIX əsr). Köhnə Xudat kəndi yaxınlığında XVII əsrə aid Xudat Qalası, XVIII əsrə aid məscid. Xuray kəndində məscid (1866).