Cəlilabad rayonu print

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. M.ə. V minilliyə aid dünya üzrə ilk əhliləşdirilmiş at qalıqları buradan (Üçtəpə kəndi, Əliköməktəpə yaşayış yeri) tapılmışdır. Burada mövcud olmuş qədim Həməşərə şəhəri m .ə. II əsrə aid edilir.
Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azəbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir. Cəlilabad rayonu 1930-cu ildə yaradılmışdır. 1967-ci ilədək Astraxanbazar adlanırdı.

Relyefi. Ərazinin şərq hissəsi Salyan düzü, qərb hissəsi isə orta dağlıq olub Bolqarçayla hüdudlanır. Qərbdə İran ilə həmsərhəddir. Səthi, əsasən, düzənlik (Muğan düzü, qismən Lənkəran ovalığı), cənub-qərbdə alçaq dağlıqdır (Burovar silsiləsinin şimal-qərb hissəsi). Ən hündür zirvələri Buravar (914 m), Məlikqasımlı dağlarıdır (686 m). Şimal hissədə bəzi yerlər dəniz səviyyəsindən aşağıdır.

Geoloji quruluşu. Ərazidə, əsasən, Antropogen, dağlıq hissədə Paleogen və Neogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri. Əsas çayları Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra çayları, əsasən, müvəqqəti axarlıdır. Rayonun cənub, və qərb hissəsi mineral bulaqlarla zəngindir.

Landşaftları və biomüxtəlifliyi. Yarımsəhra, bozqır, dağ-kserofil bitkiliyi və s. inkişaf etmişdir. Meşəlik sahələri, nisbətən az olub 17.6 min ha-dır. Meşə sahələri, əsasən, çay kənarlarında və dağlıq ərazilərdə yerləşir. Çay kənarlarında söyüd (Salix sp.), dəmirağac (Parrotia persica), yalanqoz (Pterocarya pterocarpa), qarağac (Ulmus sp.), palıd (Quercus sp.) ağaclarına rast gəlinir. Meşəliklərin əsas ağacları azat (Zelkova sp .), qarağac (Ulmus sp.), vələs (Carpinus sp.) ağaclarından ibarətdir.
Heyvanları qaban (Sus scrofa), süleysin (GIis glis), Kiçik Asiya qum siçanı (Meriones tristrami), canavar (Canis lupus), tülkü (Vulpes vulpes) v ə s.-dir. Quşlardan bəzgək (Otis tetrax), dovdaq (Otis tarda), turac (Francolinus francolinus), qumru və s. rast gəlinir.

İqlimi, əsasən, yayı quraq keçən, mülayim-isti yarım səhra və quru-çöl, yayı quraq keçən mülayim isti iqlimə malikdir. Orta temperatur yanvarda 1-3 C, iyulda 24-26 C-dir.

Torpaq örtüyü. Allüvial - çəmən, şabalıdı, qəhvəyi dağ-meşə və s. torpaqlar yayılmışdır.

Arxeoloji abidələri. Veri kəndi yaxınlığında Son Tunc Dövrünə aid (m.ə. II minilliyin II yarısı) zəngin arxeoloji materiallara (tunc qılınc və xəncərlər, ox və nizə ucluqları, qara gil qablar, qızıl lövhəcikli asmalar) malik daş qutu qəbirlər və kiçik kurqanlardan ibarət qəbiristan. Uzuntəpə kandi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid nekropol, Dəmir Dövrünə aid Kazaçı kurqanı. Göytəpə qəsəbəsi yaxınlığında Tunc Dövrünə (m.ə. VI minillik) aid yaşayış yeri və kurqanlar. Privolnoye kəndi yaxınlığında Tunc Dövrünə aid kurqanlar. Allar kəndi yaxınlığında Eneolit Dövrünə aid Ölütəpə yaşayış yeri. Cəlilabad şəhəri yaxınlığında Mişarçay yaşayış yeri, XIX əsrə aid hamam. Üçtəpə kəndi yaxınlığında eneolit və Dəmir Dövrlərinə aid Əliköməktəpə, Fətxtəpə yaşayış yerləri. Təklə kəndi yaxm hğm da Qıztəpə yaşayış yeri (m.ə. III minillik). Cəlayir kəndi yaxınlığında eneolit Dövrünə aid Xudutəpə yaşayış yeri.

Tarixi abidələr. Kələxan yaxınlığında orta əsrlərə aid qədim qəbiristan (‘‘Hüseynvənd Qabağı’'). Göytəpə kəndində pravoslav kilsəsi (1878).