Salyan rayonu print

SSalyan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bir mülahizəyə görə Salyan qədim iran dillərindən yaranmışdır. “Sal” sözü “il” mənasını verərək “salyanə” - “illik bac, vergi" deməkdir. Digər mülahizəyə görə “salyan” sözü “salların sahilə yan aldığı yer”, başqa sözlə “liman, bərə yeri” deməkdir. Üçüncü mülahizə ərazinin adını Volqaboyu ərazilərdə yaşamış qədim türk mənşəli “sal" tayfaları ilə bağlayır.
Salyan ərazisi hələ çox qədim dövrlərdən intensiv ticarət mərkəzi olmuşdur. Buradan cənub və şimal istiqamətlərinə balıq, kürü, duz və neft ixrac olunurdu. 700 illik tarixə malik olan Salyan şəhəri 1295-ci ildə Elxani hökmdarı Sultan Mahmud Qazan Xan tərəfindən salınaraq onun şərəfinə Mahmudabad adlanmışdır. Salyan XIX əsrin sonlarında Bakı Quberniyasının Cavad qəzasının mərkəzi olmuşdur. Salyan özünəməxsus mətbəxi - şor balığın dolması, xəşəm dolması, şor balıq basdırması, salyan nabatı ilə də fərqlənir.
Relyefi. Ərazisi, əsasən, Kür-Araz ovalığının Salyan və Çənub-Şərqi Şirvan düzlərindədir. Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Rayonun şimal hissəsi Qobustanın cənub qurtaracağıdır. Relyefində tirə və təpəliklər vardır. Ərazinin çox hissəsi okean səviyyəsindən aşağıdadır (-28 m-ə qədər).
Geoloji quruluşu. Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Rayon ərazisindən Kür çayı axır. Onun keçmiş qolu olan Bala Kürdən suvarmada geniş istifadə edilir. Akuşa çayının axmazlarında nadir və nəsli kəsilməkdə olan Azərbaycanın, o cümlədən bir sıra ölkələrin Qırmızı Kitabına salınmış şanagiillə (Nelıım- bo caspicum) bitir. Şirvan Milli Parkının əsas hissəsi Salyan ərazisində yerləşir.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir.
Boz-qonur, boz-çəmən, çəmən- bataqlıq, şoran torpaqlar yayılmışdır.
Bitki örtüyü səhra və yarımsəhra tipli, tirə və təpəliklərdən ibarət olan rayon ərazisi palçıq vulkanları ilə çox zəngindir. Öz əzəməti və gözəlliyi ilə seçilən əsas vulkanlar Durovdağ, Ağzıbir, Dovşan-dağı, Babazənən, Duzdağ, Qalmas, Qırovdağ, Mişovdağ, Xıdırlı, Kürsəngi, Hamamdağ, Bəndovan palçıq vulkanlarıdır. Azərbaycanın ən böyük təbiət qoruğu ərazilərindən biri - Şirvan Milli Parkı - əsasən, Salyan ərazisinə düşür. Florası yarımsəhra və səhra tiplidir.
Bunlar, əsasən, çoğan (Gypsophila paniculata), cil (Bolboschoenus maritimus), daziçiçək keçialacı (Reaumuria cistoides), alaq şorangə (Salsola tragus), əvəlik (Rumex sp.), qaraşoran (Halocnemum strobilaceum), ilişən (Caucalis lapppula), adi qazayağı (Falcaria vulgaris), qışotu (Petrosimonia brachiata), xəzər şah- sevdisi (Halostachys caspia), əzgən (Kochia prostrata), cincilə (Spergularia sp.), şirin biyan (Glycyrrhiza glabra), sünbüllü bağayarpaqçiçək (Psyllostachis spicata) ibarətdir.
Kollardan iydə (Elaeagnus sp.), rus itüzümü (Lycium ruthenicum), aciliq (Ephedra sp.), iti cığ (Juncus acutus), şober şorgiləsi (Nitraria schoberi), yulğun (Tamarix sp.), adi əncir (Ficus carica), nadir növlərdən hirkan ənciri (Ficus hyrcanica) yayılmışdır.
Kür sahillərində bir zamanlar sıx tuğay meşələrinin relikt qalıqları hələ də qalmaqdadır.
Faunası. Ceyran (Gazella subgutturosa), safsar (Vormela peregusna), çöl pişiyi (Felis libyca), qırmızıquyruq qum siçanı (Meriones libycus), Kiçik asiya qum siçanı (Meriones tristrami), levant irigürzəsi (Macrovipera lebetina), ilanbalığı (Caspiomyzon wagneri), turac (Francolinus francolinus), qamışlıq belibağlısı (Circus aeruginosus), qızılı qızlarquşu (Merops apiaster), qağayı (Larus sp.), suriya sarımsaqiyli qurbağası (Pelobates syriacus), fərat çapağanı (Megacephalus euphraticus), kəlləşəkilli haf (Manduca atropos) o cümlədən adı Beynəlxalq Qırmızı Kitaba salınmış bir çox su-bataqlıq quşları - çəhrayı qutan (Pelecanus onocrotalus), qara leylək (Ciconia nigra), qızıl qaz (Phoenicopterus roseus), kiçik qu (Cygnus bewickii) və s. canlılardan ibarətdir.
Geoloji təbiət abidələri. Ərazi palçıq vulkanları ilə zəngindir. Bəndovan, Qalmas, Mişovdağ, Durovdağ (İlandağ), Ağzıbir, Aralıq, Babazənən, Qırlıq, Dovşandağ palçıq vulkanları burada yerləşir. Babazənən palçıq vulkanının brekçiyası yerli əhali tərəfindən müalicəvi məqsədlə istifadə edilir. Onların bildirdiyinə görə vulkanın palçığı və duzlu suyu revmatizm və oynaq xəstəliklərinin müalicəsinə müsbət təsir edir.
Arxeoloji abidələri. Kürsəngi qəsəbəsində m.ə. II-III əsrlərə aid küp qəbirləri, orta əsrlər dövrünə aid yaşayış yeri aşkar edilmişdir. Qəsəbənin ən hündür yerində bişmiş kərpicdən tikilmiş IX-XIII əsrlərə aid qala divar qalıqları vardır.
Bəndovan burnu (Şirvan Milli Parkı) ərazisində və dənizdə IX-XIII əsrlərə aid yaşayış yeri. Şirvanşahlar dövrünə aid çovustan tipli tikili qalıqları, dulus kürəsi, şirsiz və şirli saxsı qablar, əmək alətləri, şüşə bəzək şeyləri, mis və gümüş sikkələr aşkar edilmişdir.
Tarixi abidələri. Qarabağlı kəndində orta əsrlərə aid Qarabağlı yaşayış yeri. Xələc kəndi yaxınlığında Yuxarı Xələc yaşayış yeri. Xurşud kəndi yaxınlığında Xurşud nekropolu. Marışlı kəndi yaxınlığında Marışlı yaşayış yeri.