Sabirabad rayonu print

Sabirabad rayonu 1921-ci ildən 1929-cu ilə qədər Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. O, 1929-cu ildən Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu ildən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur. Sabirabad rayonu 1931-ci ildən Sabirabad adlanır.
Relyefi. Sabirabad rayonu Muğan, Şirvan və qismən Mil düzlərində yerləşir. Ərazisi okean səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu. Əsasən, Antropogen çöküntülər yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayı rayon ərazisindən keçən Kürdür. Sarısu göllərinin bir hissəsi Sabirabad rayonu ərazisindədir.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Əsasən, boz-çəmən torpaqlar yayılmışdır.
Ərazidə yarımsəhra bitkiliyi üstünlük təşkil edir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlarda rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara- şoran (Halocnemum strobilaceum), xəzər sarıbaşı (Kalidium caspicum) rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi (Halostachys caspia), kolvari dəvəayağı (Limonium suffruticosum), çərən (Suaeda sp.), həmçinin birillik lətli şorangələr - duzlaq coğanı (Salicornia europaea) və s. bitkilərə rast gəlinir.
Regionda yarımsəhra qruplaşmalarında yovşanlı (Artemisia sp.), şorangəli (Salsola sp.), efemerli və az sahədə kəvər (Capparis spinosa) yarımsəhraları geniş yayılmışdır. Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.
Efemer qruplaşmaları üçün soğanaqlı qırtıc (Poa sp.) daha xarakterikdir. Çəmən yarımsəhrasının tərkibində taxıl otları - yabanı arpa (Hordeum spontaneum), bülbülotu (Phalaris sp.) üstünlük təşkil edir. Sabirabad rayonunda Kür və Araz çayları boyu tııqay meşələrində ağyarpaq qovaq (Populus hybrida), qarağac (Ulmus sp.), söyüd (Salix sp.), yulğun (Tamarix sp.) və iydə (Elaeagnus sp.) üstünlük təşkil edir.
Ərazinin faunası saatlı rayonu ilə çox yaxındır.
Tarixi. Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nckropollar m.ə. V-I əsrlər, V-II, m.ə I əsrlər və III əsrlərə aid edilir. Cavad kəndi yaxınlığındakı orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin «Şəhərgah» adlanan ərazisindəki tapıntıları isə XI-XII əsrlərə aid edilir. Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdur.
Arxeoloji və tarixi-mədəni abidələri. Surra kəndi yaxınlığında küp qəbirlər nekropolu, m.ə. V-I əsrlərə aid yaşayış yeri. Şıxlar kənd qəbiristanlığında Baba Samid türbəsi (1585). Cavad kəndi yaxınlığında m.ə. Ill-II əsrlərə aid nekropol, III-XVIII əsrlərə aid şəhər xarabalıqları. Sabirabad şəhərində hamam (1900). Qalağayın kəndində I-III əsrlərə aid yaşayış yeri, məscid (1902). Qaratəpə kəndində m.ə. V-II əsrlərə aid nekropol, III-VII əsrlərə aid yaşayış yeri.